Türkiyənin Antalya şəhərinin yerli hakimiyyət orqanları son dövrlərdə rusiyalı turistlərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin səbəblərini açıqlayıb.
Rəsmilərin sözlərinə görə, qəzaların əsas səbəbi turistlərin yerli yol hərəkəti qaydalarını kifayət qədər bilməməsi və onlara əməl etməməsidir. Xüsusilə icarəyə götürülən motosiklet və kvadrosikllərdən istifadə zamanı yol verilən səhvlər qəzaların sayını artırır.
Antalya bələdiyyəsinin nümayəndəsi bildirib ki, hadisələrin çoxu yolların vəziyyəti ilə deyil, sürücülərin diqqətsizliyi, yerli sürücülük xüsusiyyətlərini bilməməsi və idarəetmə zamanı buraxılan səhvlərlə bağlıdır.
May ayının sonunda Beldibi bölgəsində ekskursiya avtobusunun iştirakı ilə baş verən qəza böyük rezonans doğurub. Hadisə nəticəsində 14 Rusiya vətəndaşı xəsarət alıb. Onlardan ikisi ağır əməliyyat keçirib, digərlərinə isə ilkin tibbi yardım göstərildikdən sonra hotellərinə qayıtmağa icazə verilib.
Turizm mövsümünün qızğın dövrünün başlaması ilə əlaqədar yerli hakimiyyət orqanları turistləri daha diqqətli olmağa çağırıb. Rəsmilər icarəyə götürülən nəqliyyat vasitələrindən istifadə etməzdən əvvəl təhlükəsizlik qaydalarının öyrənilməsini, sürət həddinə riayət olunmasını və qoruyucu avadanlıqlardan istifadə edilməsini tövsiyə ediblər.
Onların fikrincə, bu qaydalara əməl olunması yol qəzalarının böyük hissəsinin qarşısını ala bilər.
izmedia.az
![]()
