Hindistanın Baş naziri Narendra Modi ölkənin müasir tarixində yeni rekorda imza atıb. O, Hindistan tarixində ən uzun müddət fasiləsiz şəkildə vəzifədə qalan Baş nazir olub.
İyunun 10-da Modinin 26 may 2014-cü ildə ilk dəfə Baş nazir kimi and içməsindən 4399 gün ötüb. Bununla da o, müstəqil Hindistanın ilk Baş naziri Cəvahirləl Nehrunun rekordunu geridə qoyub. Nehru 13 may 1952-ci ildə keçirilən ilk ümumi seçkilərdən sonra vəzifəsinin icrasına başlayıb və 27 may 1964-cü ildə vəfat edənədək, ümumilikdə 4398 gün fasiləsiz olaraq Baş nazir postunda qalıb. Bu rekord 60 ildən artıq müddətdə qüvvədə idi.
Narendra Modi daha əvvəl, 25 iyul 2025-ci ildə Hindistanın sabiq Baş naziri İndira Qandinin rekordunu da yeniləmişdi. Qandi 24 yanvar 1966-cı ildən 24 mart 1977-ci ilədək ardıcıl olaraq 4077 gün Baş nazir vəzifəsində çalışmışdı.
Bundan əvvəl Modi, Cəvahirləl Nehrudan sonra ardıcıl üç parlament seçkisində qələbə qazanan ilk Hindistan Baş naziri kimi də tarixə düşmüşdü.
“Hindustan Times” qəzetinin qeyd etdiyi kimi, bu rekord Hindistanda baş verən dərin demoqrafik və siyasi dəyişikliklər fonunda qeydə alınıb. Nehru ölkəyə rəhbərlik etdiyi ilk illərdə Hindistanın əhalisi təxminən 340 milyon nəfər idi. Modi 2014-cü ildə vəzifəyə başlayanda bu rəqəm 1,31 milyardı ötürdü və hazırda ölkə əhalisi 1,46 milyarddan çoxdur.
Son onilliklərdə Hindistan demokratiyasının miqyası da əhəmiyyətli dərəcədə genişlənib. 1951–1952-ci illərdə keçirilən ilk ümumi seçkilərdə 53 siyasi partiya iştirak etdiyi halda, bu göstərici 2014-cü ildə 464-ə, 2024-cü il seçkilərində isə 744-ə yüksəlib.
İlk ümumi seçkilər zamanı təxminən 170 milyon nəfər olan seçici sayı 2014-cü ildə 830 milyonu keçib.
![]()

