Liberiyanın keçmiş vitse-prezidenti Cüel Hovard-Teylor beynəlxalq narkotik şəbəkəsi ilə bağlı istintaq çərçivəsində saxlanılıb. BBC-nin məlumatına görə, o, ölkədən qaçmağa cəhd edərkən Monroviyadakı Roberts hava limanında tutulub. Keçmiş rəsmi narkotik qaçaqmalçılığı, çirkli pulların yuyulması və cinayətkarlığa köməklik göstərməkdə ittiham olunur.
Polis rəisi Qreqori Koulman 63 yaşlı Hovard-Teyloru ölkə tarixində ən böyük kokain müsadirəsi ilə əlaqələndirib. İyul ayında Avropaya göndərilməsi planlaşdırılan və dəyəri 317 milyon dollar olan 4 tona yaxın kokain ele keçirilmişdi. İstintaq çərçivəsində iki Xorvatiya və bir Ukrayna vətəndaşına qarşı da qiyabi ittiham irəli sürülüb.
Keçmiş prezident Çarlz Teylorun sabiq həyat yoldaşı olan Hovard-Teylor 2018-2024-cü illərdə Corc Veanın rəhbərliyi altında vitse-prezident vəzifəsini icra edib. Səlahiyyətlilər yüksək vəzifəli təhlükəsizlik rəsmilərinin bu beynəlxalq şəbəkə ilə olası əlaqələrini və maliyyə mənbələrini araşdırmağa davam edirlər.
İzmedia.az
![]()

