BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Rusiya nümayəndəliyinin rəhbəri Oleq Kobyakov RİA Novosti agentliyinə verdiyi müsahibədə Hörmüz boğazının blokadaya alınmasının qlobal ərzaq təhlükəsizliyinə ağır zərbə vuracağı barədə xəbərdarlıq edib. FAO rəsmisinin sözlərinə görə, nəqliyyatın dayanması 2026-cı ilin ikinci yarısında və 2027-ci ildə dünya üzrə ərzaq istehsalının və tədarükünün kəskin azalması ilə nəticələnəcək.
Kobyakov izah edib ki, kənd təsərrüfatı işləri sərt mövsümi qrafikə tabedir və logistikadakı hətta bir neçə həftəlik gecikmələr fermerləri gübrə istifadəsini məhdudlaşdırmağa və ya ondan tamamilə imtina etməyə məcbur edir. Bu isə növbəti mövsümlərdə məhsuldarlığın qaçılmaz olaraq düşməsinə gətirib çıxaracaq.
FAO-nun təhlillərinə görə, təchizat zəncirindəki bu pozuntular qida qiymətlərini kəskin artıracaq və artıq ərzaq çatışmazlığından əziyyət çəkən zəif regionlarda aclıq riskini daha da dərinləşdirəcək.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin İrandakı hədəflərə zərbələr endirməsindən sonra tərəflər arasında hərbi əməliyyatlar başlayıb. İyun ayında bəyan edilən müvəqqəti atəşkəs memorandumuna baxmayaraq, toqquşmalar yenidən bərpa olunub. Hücumlar nəticəsində neft, yanacaq və mayeləşdirilmiş təbii qazın əsas daşınma marşrutu olan Hörmüz boğazında gəmiçilik faktiki olaraq dayanıb ki, bu da qlobal enerjidaşıyıcılarının qiymətini rekord həddə çatdırıb.
İzmedia.az
![]()

