Macarıstanın yeni yaradılmış Dövlət Aktivlərinin Bərpası və Qorunması üzrə Milli Departamentinin rəhbəri Anna Unger keçmiş Baş nazir Viktor Orbanın tənqidlərindən sonra işçilərin təhdid və təzyiqlərdən qorunacağını bəyan edib.
Anna Unger RTL televiziyasına müsahibəsində bildirib ki, qurum təkcə dövlət aktivlərini deyil, həm də öz əməkdaşlarını müdafiə edəcək və hər hansı təhdid halında cinayət qanunvericiliyi çərçivəsində adekvat addımlar atılacaq.
Buna səbəb Viktor Orbanın yeni departamenti sərt tənqid edərək onu “neo-kommunist hökumətin” repressiv aləti adlandırması olub. “Fidesz” partiyasının lideri hakimiyyətə qayıdacağı təqdirdə departament əməkdaşlarının adlarının açıqlanacağını, işlərinin araşdırılacağını və onların hüquqi, eləcə də maliyyə məsuliyyətinə cəlb ediləcəklərini vurğulayıb. Keçmiş ədliyyə naziri Bens Tujon da Orbanın bu mövqeyini müdafiə edib.
Öz növbəsində Macarıstanın Baş naziri Peter Magyar parlamentdə çıxış edərək Orbanın bəyanatlarını görünməmiş adlandırıb. O qeyd edib ki, müstəntiqləri və prokurorları hədələmək vəzifəli şəxsə qarşı zorakılıq hesab olunur və həbs cəzası nəzərdə tutur. Baş nazir korrupsiya və cinayətkar fəaliyyətlərdə şübhəli bilinən “Fidesz” nümayəndələrinə qarşı araşdırmaların davam edəcəyini açıqlayıb.
Qeyd edək ki, Dövlət Aktivlərinin Bərpası və Qorunması üzrə Milli Departament qanunsuz mənimsənilmiş dövlət vəsaitlərinin qaytarılması məqsədilə 2026-cı ildə təsis edilib. Avqustun 28-də parlament tərəfindən rəhbər seçilən Anna Ungerin 6 illik səlahiyyət müddəti sentyabrın 1-dən başlayıb.
İzmedia.az
![]()

