8 Noyabr – Zəfər Günü münasibətilə Neftçala Peşə Məktəbi PHŞ-də xalqımızın tarixi Qələbəsinə, milli birliyinə və qəhrəmanlıq salnaməsinə həsr olunmuş “Zəfərin zirvəsində” adlı tədbir keçirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin nümayəndələri, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri və üzvləri, şəhid ailələrinin üzvləri, şəhid valideynləri, Vətən müharibəsi qaziləri, mədəniyyət nümayəndələri, məktəbin pedaqoji heyəti və tələbələri, eləcə də qonaqlar iştirak ediblər.
Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Bayrağının təntənəli şəkildə səhnəyə gətirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən məktəbin direktoru Tarıyel Yaqubov Zəfər Gününün xalqımızın yaddaşında daşıdığı tarixi və mənəvi əhəmiyyətdən, Azərbaycan Ordusunun qəhrəmanlığından, dövlət-xalq-ordu birliyinin gücündən bəhs edib. O, Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinin daim ehtiramla anılmasının, qazilərimizin fədakarlığının yüksək qiymətləndirilməsinin və vətənpərvərlik ruhunun gənc nəsildə formalaşdırılmasının vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, məktəbin tələbəsi, Birinci Qarabağ müharibəsi şəhidi Rövşən Ağamalıyevin atası Balaoğlan Ağamalıyev, Vətən müharibəsi qazisi, baş leytenant Yusif Abdullayev Zəfərə aparan tarixi yoldan, xalqımızın mübarizə əzmindən, şəhid və qazilərimizin göstərdiyi misilsiz qəhrəmanlıq nümunələrindən söz açıblar. Çıxışlarda qazanılmış tarixi Qələbənin əhəmiyyəti, onun gələcək nəsillərə çatdırılması və milli-mənəvi dəyərlərimizin təbliğinin vacibliyi xüsusi qeyd olunub.
Tədbirin bədii hissəsi Zəfər ruhunu, milli-mənəvi dəyərlərimizi və Vətən sevgisini özündə əks etdirən rəngarəng çıxışlarla davam edib. Mədəniyyət nümayəndələrinin təqdim etdiyi musiqi nömrələri, tələbələrin qarmon ifaları, milli rəqslər, o cümlədən “Xarıbülbül” rəqsinin təqdimatı tədbirə xüsusi məzmun və emosional çalar qatıb. Həmçinin tələbələrin ifasında vətənpərvərlik mövzusunda səhnəciklər nümayiş etdirilərək Vətən müharibəsinin qəhrəmanlıq salnaməsi bədii formada canlandırılıb.
Tədbir çərçivəsində məktəbin aşpazlıq və qənnadı qruplarının tələbələrinin hazırladıqları əl işlərindən ibarət sərgilər təşkil olunub. Sərgi guşələrində tələbələrin peşə bacarıqlarını, yaradıcılıq qabiliyyətlərini və Qarabağın tarixi-mədəni irsini əks etdirən nümunələr nümayiş etdirilib.
Tədbirin sonunda Vətən müharibəsi qazilərinin iştirakı ilə Zəfər tortunun kəsilməsi mərasimi keçirilib. Bu mərasim tarixi Qələbəmizə, qəhrəmanlarımıza və xalqımızın sarsılmaz birliyinə həsr olunmuş tədbirin rəmzi məqamlarından biri olub.
![]()








