“Politico”: Aİ ölkələri Komissiyanın 2 500 yeni ştat planını tənqid edir

1 Min Read

 Avropa Komissiyasının 2028–2034-cü illəri əhatə edən yeddiillik Aİ büdcəsi çərçivəsində əməkdaşlarının sayını 2 500 nəfər artırmaq planı doqquz üzv dövlət tərəfindən kəskin tənqid olunub.

İzmedia.az bildirir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Büdcə üzrə komissar Piotr Serafinə ünvanlanan məktubda Aİ nazirləri Komissiyanın yeni işçilərin işə qəbulu və inzibati potensialın gücləndirilməsi üçün əlavə 1,4 milyard avro tələbini yersiz hesab etdiklərini bildiriblər.

Məktub Avstriya, Çexiya, Danimarka, Almaniya, Estoniya, Latviya, İsveç, Finlandiya və Niderlandın nazirləri tərəfindən imzalanıb. Sənəddə qeyd olunur ki, Komissiyadan növbəti Çoxillik Maliyyə Çərçivəsi (MFF) üzrə davam edən danışıqlara uyğun, dövrün çağırışlarını əks etdirən və kəmiyyət baxımından əsaslandırılmış təkliflər gözlənilir.

Nazirlər vurğulayırlar ki, təklif edilən 2 500 ştat vahidinin artırılması, eləcə də inzibati xərclərin ümumi həcminin yüksəldilməsi səmərəlilik, qənaət və islahat məqsədlərinə ziddir və bütövlükdə MFF təklifinin etibarlılığına xələl gətirə bilər.

Müraciətdə həmçinin qeyd edilir ki, Avropa Komissiyasının üzv dövlətlərdən büdcə intizamı tələb etməsi onun öz prinsiplərinə əməl etməsindən birbaşa asılıdır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş