Cəlilabad şəhərində bir sıra küçələrin bir müddətdir təmir olunmaması sakinlərin narazılığına səbəb olub.
İzmedia.az xəbər verir ki, yerli sakinlər bu barədə “Report”a müraciət edərək bildiriblər ki, xüsusilə Rayon Mərkəzi Xəstəxanasının yerləşdiyi Mehdi Hüseyn küçəsi, eləcə də İlqar Zeynalov, Babək və Cavadxan küçələrində yolların vəziyyəti qənaətbəxş deyil.
Onların sözlərinə görə, şəhərin bəzi ərazilərində yol infrastrukturu yenilənsə də, adıçəkilən küçələr uzun müddətdir diqqətdən kənarda qalıb. Nəticədə asfalt örtüyü ciddi şəkildə deformasiyaya uğrayıb, iri çuxurlar yaranıb.
Sakinlər qeyd edirlər ki, bu vəziyyət həm sürücülər, həm də piyadalar üçün ciddi çətinliklər yaradır. Xüsusilə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşır, avtomobillər tez-tez texniki nasazlıqlarla üzləşir və bu da əlavə maddi xərclərə səbəb olur.
Məsələ ilə bağlı Cəlilabad Bələdiyyəsindən “İzmedia.az”ın sorğusuna cavab olaraq bildirilib ki, problem diqqətdə saxlanılır.
Qurumdan verilən məlumata görə, hava şəraiti əlverişli olan kimi qeyd olunan küçələrdə təmir-bərpa işlərinə başlanılması nəzərdə tutulur.

![]()

