Makronun Gümrüyə səfəri zamanı böyük konsert keçiriləcək

1 Min Read

Fransa Prezidenti Emmanuel Makron mayın 5-də dövlət səfəri çərçivəsində Ermənistanın Gümrü şəhərində olacaq və burada böyük konsert proqramında iştirak edəcək. Bu barədə Ermənistan hökumətinin aprel ayı iclasında təqdim olunan layihələrdən məlum olub.

Hökumət konsertin təşkili üçün təxminən 393 milyon dram, yəni bir milyon dollardan çox vəsait ayıracaq.

Qərar layihəsində qeyd olunur ki, 5 may tarixində Gümrüdəki Vardanants meydanında Ermənistan və Fransa arasında dostluğa, eləcə də mədəni əməkdaşlığın dərinləşdirilməsinə həsr olunmuş genişmiqyaslı konsert təşkil ediləcək.

Konsert proqramında Ermənistan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə tanınmış erməni və fransız sənətçilərinin ifasında erməni və fransız mövzulu musiqilər səsləndiriləcək.

Hökumətin məlumatına görə, tədbirin keçirilməsi üçün Gümrünün seçilməsi şəhərdə fransız dilinə və mədəniyyətinə böyük marağın olması ilə bağlıdır. Bildirilir ki, bu münasibət Fransa xalqı və hökumətinin 1988-ci il zəlzələsindən sonra şəhərin bərpasına verdiyi dəstəkdən qaynaqlanır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş