Mayın 1-i gecəsi Ukrayna Silahlı Qüvvələrinin dronlardan istifadə edərək Tuapse dəniz terminalına zərbə endirdiyi bildirilir. Krasnodar diyarının əməliyyat qərargahının məlumatına görə, hücumdan sonra yanğın baş verib və onun söndürülməsinə 128 nəfər və 41 texnika cəlb olunub. Xəsarət alanların olmadığı qeyd edilir.
RTVI-nin məlumatına görə, hücum nəticəsində Tuapse Neft Emalı Zavodunun (TRZ) ərazisində yerləşən ən azı iki anbar yanıb. Hadisə yerindən yayılan görüntülərdə qalın qara tüstü müşahidə olunub. Bildirilir ki, terminalda elektrik enerjisinin verilişi dayanıb, şəhərin bir hissəsində genişmiqyaslı işıq kəsintiləri yaranıb.
Məlumata görə, bəzi mənbələr mərkəzdə tam elektrik kəsintisi olduğunu və internet xidmətinin də sıradan çıxdığını iddia edib.
Qeyd olunur ki, bu, son iki həftə ərzində Tuapse terminalına edilən dördüncü hücumdur. Əvvəlki hücumdan sonra baş verən yanğın bir gün sonra, aprelin 28-də söndürülüb. Həmin vaxt neft məhsullarının da yayılması barədə məlumatlar yayılıb.
Aprelin 16 və 20-də də obyektə ziyan dəydiyi bildirilir. Hər iki halda yanğınsöndürmə işlərinin bir neçə gün davam etdiyi qeyd olunur. Yerli ekoloji vəziyyətlə bağlı məlumatlarda havada zərərli maddələrin artdığı, bəzi şəhərlərə tüstünün yayıldığı iddia edilir.
Məlumatlara əsasən, hücumlar nəticəsində zavodun fəaliyyəti müvəqqəti dayandırılıb. Rusiya Dəmir Yollarının terminala yük daşımalarını 3 maya qədər məhdudlaşdırdığı bildirilir.
Prezident Vladimir Putinin vəziyyətlə bağlı 28 apreldə məlumatlandırıldığı və Fövqəladə Hallar Nazirliyinin rəhbərinə bölgəyə getmək tapşırığı verdiyi qeyd edilir. O isə hadisə ilə bağlı “ciddi təhlükə yoxdur” deyə açıqlama verib.
İzmedia.az
![]()

