İran XİN sözçüsü ABŞ–İsrail müharibəsini “tarixi mübarizə” adlandırıb

2 Min Read

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai “X” sosial şəbəkəsində etdiyi paylaşımda İrana qarşı ABŞ–İsrail müharibəsinin “dövrümüzdə və gələcəkdə xeyir və şər anlayışlarının mənasını müəyyən edəcək bir müharibə” olduğunu bildirib.

O, yazıb: “Bu, vəhşiliklərə haqq qazandıran peşəkar yalançılarla, yalnız öz gücünə və qətiyyətinə güvənərək vətənini və insan ləyaqətini müdafiə edən qürurlu bir xalq arasında müharibədir”.

Bəqai əlavə edib ki, bu qarşıdurma “mənəvi güzəştlərlə bulanıq qərarlar verənlərlə təmiz vicdanla hərəkət edənlər arasında müharibədir” və bunun “bəşəriyyətin gələcəyi üçün həlledici mübarizə” olduğunu qeyd edib.

İranın danışıqlarla bağlı şərtləri

Xatırladılır ki, İranın Fars xəbər agentliyi məlumatlı mənbəyə istinadən bildirib ki, Tehran ABŞ ilə etimad yaradan beş şərt yerinə yetirilmədən danışıqların ikinci mərhələsinə qatılmayacaq.

Mənbənin iddiasına görə, İranın tələbləri arasında regionda, xüsusilə Livanda hərbi əməliyyatların dayandırılması, sanksiyaların ləğvi, dondurulmuş aktivlərin qaytarılması, müharibə zərərinə görə kompensasiya ödənilməsi və Hörmüz boğazı üzərində İranın suveren hüquqlarının tanınması yer alır.

Danışıqlarda gərginlik və qarşılıqlı ittihamlar

Məlumata görə, Tehran ABŞ-ın dəniz əməliyyatlarının Oman körfəzi və Ərəbistan dənizində davam etməsini etimadın pozulması kimi qiymətləndirir.

Fars agentliyinin iddiasına əsasən, İran bu tələbləri ABŞ-ın təqdim etdiyi 14 maddəlik təklifə cavab olaraq irəli sürüb və həmin təklifi “birtərəfli” hesab edib.

Bildirilir ki, ABŞ və İsrailin 28 fevralda başladığı hücumlardan sonra İran İsrail və Körfəz regionundakı ABŞ müttəfiqlərinə cavab verib və Hörmüz boğazını bağlayıb. Pakistan vasitəçiliyi ilə 8 apreldə atəşkəs əldə olunsa da, tərəflər hələ də davamlı razılaşmaya nail ola bilməyib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş