ABŞ kəşfiyyatı: Çin İrana qarşı müharibədən faydalanaraq mövqeyini gücləndirib

2 Min Read
“The Washington Post” qəzetinin ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, Çin ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi kampaniyadan istifadə edərək beynəlxalq mövqeyini gücləndirə bilib.

Məlumatda bildirilir ki, gizli hərbi kəşfiyyat hesabatı Çinin ABŞ-ın İrana qarşı əməliyyatlarından hərbi, iqtisadi və diplomatik üstünlüklər əldə etmək üçün necə yararlandığını əks etdirir. Hesabatın bu həftə Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keynə təqdim olunduğu qeyd edilir.

Qəzet vurğulayır ki, bu qiymətləndirmə ABŞ Prezidenti Donald Trampın Çinə rəsmi səfəri zamanı ortaya çıxıb və Vaşinqton üçün “çox həssas” məqam hesab olunur.

Çin Körfəz ölkələrinə silah satıb

Amerika tərəfinin qiymətləndirməsinə görə, ABŞ və İsrailin 28 fevralda başladığı birgə əməliyyatdan sonra Çin İranın hücum riski ilə üzləşən Fars körfəzi ölkələrinə silah satışını artırıb.

Bundan başqa, müharibənin ABŞ-ın silah ehtiyatlarını azaltdığı, xüsusilə Tayvanla bağlı mümkün qarşıdurma üçün nəzərdə tutulan hərbi resursların tükəndiyi bildirilir. Hesabatda qeyd olunur ki, Yaxın Şərqdə yerləşən ABŞ bazaları və texnikası da zərər görüb.

Kəşfiyyat məlumatlarına görə, Çin ABŞ-ın hərbi əməliyyatlarını diqqətlə izləyərək gələcək potensial münaqişələr üçün öz strategiyalarını formalaşdırmağa çalışıb.

Pekin enerji böhranından da yararlanıb

“The Washington Post” yazır ki, Çin Hörmüz boğazının bağlanması səbəbindən enerji problemi yaşayan ölkələrə dəstək verməklə təsir imkanlarını artırıb.

Xüsusilə, Pekin Tayland, Avstraliya və Filippinlərə “yaşıl enerji” texnologiyalarına uzunmüddətli çıxış təklif edərək onların enerji təhlükəsizliyinə dəstək göstərib.

Məqalədə xatırladılır ki, Donald Tramp əvvəllər Hörmüz boğazının blokadasının Çin üçün ciddi problem yaradacağını demişdi. Lakin ABŞ kəşfiyyatı hesab edir ki, Pekin geniş resurs ehtiyatları və bərpa olunan enerji imkanları sayəsində enerji təchizatındakı fasilələrə davam gətirə bilib.

Çin ABŞ-ı tənqid etmək üçün fürsətdən istifadə edib

Kəşfiyyat məlumatlarına əsasən, Çin hakimiyyəti İrana qarşı hərbi əməliyyatlardan narazı olan beynəlxalq ictimai rəyi də öz xeyrinə istifadə edib və ABŞ-a qarşı tənqidi mövqeyini gücləndirib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş