Şoyqu: Ermənistanın dəmir yollarında Rusiyanı əvəz etmək qərarı risklidir

2 Min Read

Ermənistan hakimiyyətinin ölkənin dəmir yollarının idarə olunmasında Rusiyanı əvəz etmək niyyəti düşünülməmiş qərardır və təxminən 20 ildə qurulmuş sistem bir gecədə çökə bilər.

İzmedia.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu TASS-a bildirib.

Şoyqu qeyd edib ki, Ermənistanda uzun illərdir fəaliyyət göstərən Rusiya dəmir yolu operatorunu başqa şirkətin tam əvəz etməsi real görünmür. Onun sözlərinə görə, bu cür addımların nəticələrini Ermənistan vətəndaşları hiss edə bilər.

O vurğulayıb ki, Cənubi Qafqaz Dəmir Yolları (CQD) 2008-ci ildə imzalanmış konsessiya müqaviləsi əsasında öhdəliklərini yerinə yetirib və bu müddətdə Ermənistan dəmir yolu sisteminə 30 milyard rubldan çox investisiya yatırılıb. Şirkət tərəfindən 520 km-dən artıq yol yenidən qurulub, onlarla körpü və tunel təmir edilib.

Şoyqunun sözlərinə görə, son 20 ildə Ermənistan büdcəsinə 15 milyard rubldan çox vergi ödənilib, hər il orta hesabla 500 mindən çox sərnişin və 1,6 milyon tondan artıq yük daşınıb. Hazırda şirkət 2500-dən çox şəxsi işlə təmin edir.

O xatırladıb ki, SSRİ-nin dağılmasından sonra Ermənistanın dəmir yolu sistemi ağır vəziyyətdə idi və 2008-ci ilin fevralında Ermənistan, Rusiya Dəmir Yolları və Cənubi Qafqaz Dəmir Yolları arasında sistemin 2038-ci ilədək idarə olunmasına dair müqavilə imzalanıb.

Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan dəmir yollarının idarəetmə hüququnun Moskva və İrəvana dost ölkəyə verilməsi ideyasını səsləndirmiş, mümkün variantlar sırasında Qazaxıstan, BƏƏ və Qətərin adını çəkmişdi.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş