izmedia.az xəbər verir ki, Məsud Pezeşkian “Milli Fars Körfəzi Günü” münasibətilə yayımladığı mesajda Fars körfəzi regionundakı təhlükəsizlik məsələlərinə toxunub.
İran prezidenti bildirib ki, körfəzdə təhlükəsizliyin təmin olunması yalnız sahilyanı dövlətlər arasında əməkdaşlıq yolu ilə mümkündür. Onun sözlərinə görə, region “birtərəfli xarici müdaxiləyə açıq ərazi deyil” və Fars körfəzi İranın milli kimliyinin ayrılmaz hissəsi, eləcə də ölkənin suverenliyinin simvoludur.
Pezeşkian qeyd edib ki, dəniz blokadası cəhdləri və ticarət yollarına qoyulan məhdudiyyətlər İrana təzyiq göstərmək məqsədi daşıyır və bu addımlar beynəlxalq hüquqa, region xalqlarının maraqlarına, həmçinin qlobal sülh və sabitliyə ziddir.
O vurğulayıb ki, belə təşəbbüslər uğursuzluğa məhkumdur: “Fars körfəzində təhlükəsizliyin pozulmasına görə məsuliyyət ABŞ və İsrailin üzərinə düşür”.
Prezident əlavə edib ki, İran Hörmüz boğazı və Fars körfəzində təhlükəsizliyin qorunmasına sadiqdir və naviqasiya azadlığını dəstəkləyir. Bununla yanaşı, bu prinsiplərin İranın suverenliyinə hörmət çərçivəsində həyata keçirilməsinin vacibliyini qeyd edib.
![]()
