İzmedia.az xəbər verir ki, ABŞ prezidenti Donald Trump bildirib ki, Hörmüz boğazında blokadada qalan gəmilərin çıxarılmasına yönəlmiş humanitar əməliyyata hər hansı müdaxilə edilərsə, buna hərbi güclə cavab veriləcək.
ABŞ lideri mayın 4-də səhər saatlarında “Azadlıq” (Project Freedom) əməliyyatının başladığını elan edib. Onun sözlərinə görə, missiyanın məqsədi İranın bağladığı və minaladığı Hörmüz boğazında ilişib qalan yüzlərlə xarici ticarət gəmisinin təhlükəsiz şəkildə müşayiət olunaraq bölgədən çıxarılmasıdır.
Tramp Truth Social platformasında paylaşımında bu addımı ABŞ və Yaxın Şərq ölkələri adından “humanitar jest” kimi qiymətləndirib. Ağ Evin məlumatına görə, uzun müddətdir münaqişə zonasında qalan gəmilərdə ekipaj üzvlərinin ərzaq və su ehtiyatları tükənmək üzrədir ki, bu da əməliyyata təcili xarakter verir.
Bununla belə, Tramp sərt xəbərdarlıq da edib: əgər bu prosesə hər hansı şəkildə mane olunarsa, ABŞ buna güc tətbiqi ilə cavab verəcək. O, konkret hansı hallarda hərbi müdaxilə olacağını açıqlamasa da, əməliyyatın sona qədər davam etdiriləcəyini vurğulayıb.
ABŞ prezidenti eyni zamanda İranla “çox müsbət danışıqların” aparıldığını və bunun bütün tərəflər üçün yaxşı nəticələr verə biləcəyini qeyd edib.
Tehranın reaksiyası isə gecikməyib. İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin rəhbəri Ebrahim Azizi bildirib ki, ABŞ hərbçilərinin Hörmüz boğazındakı istənilən addımı mövcud atəşkəs rejiminin birbaşa pozulması kimi qiymətləndiriləcək.
Azizi sosial şəbəkədə yazıb ki, Hörmüz boğazı və Fars körfəzi Trampın “əsassız bəyanatları” ilə idarə olunmayacaq və Vaşinqtonun regionda şərt diktə etmə cəhdləri qəbul olunmur.
![]()
