Shanxi əyalətində yerləşən kömür şaxtasında baş verən qaz partlayışı nəticəsində azı səkkiz şaxtaçı həyatını itirib. Daha 38 nəfərin isə hələ də yerin altında qaldığı bildirilir.
Faciə Çinin şimalındakı kömür şaxtalarından birində baş verib. Qaz partlayışından sonra vəziyyət qısa müddətdə nəzarətdən çıxıb. İlkin məlumata görə, şaxtada karbonmonoksid səviyyəsinin kəskin yüksəlməsi nəticəsində səkkiz şaxtaçı ölüb.
Hazırda 38 nəfər yerin altında köməksiz vəziyyətdə qalıb və onların taleyi hələ məlum deyil.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, xilasedicilər indiyədək 201 nəfəri yerin üstünə çıxarmağa nail olublar. Həlak olan səkkiz nəfərin cəsədi dağıntılar altından çıxarılıb.
Xilasetmə əməliyyatı davam edir, lakin işlərin nə vaxt başa çatacağı barədə dəqiq məlumat verilmir. Hadisə yerində operativ qərargah yaradılıb və bütün aidiyyəti xidmətlər cəlb olunub.
Qəzanın dəqiq səbəbi hələ müəyyən edilməyib. Xüsusi xilasedici qruplar dağıntıların təmizlənməsi və şaxtadakı qaz vəziyyətinin monitorinqi ilə məşğuldur.
Əməliyyat təkrar qaz sızması riski səbəbindən çətin şəraitdə aparılır. Yerli hakimiyyət vəziyyəti nəzarətdə saxladığını və xilasetmə prosesi ilə bağlı məlumatların mütəmadi yeniləndiyini bildirib.
![]()
