Honkonqun ilk qadın astronavtı Li Ciayinq Çinin “Şençjou-23” missiyası çərçivəsində kosmosa yola düşüb. 43 yaşlı polis əməkdaşı və üç uşaq anası olan Li, bazar günü gecə Çinin Tiangong kosmik stansiyasına göndərilən üç nəfərlik heyətin tərkibindədir və orada yük və elmi təcrübələrə rəhbərlik edəcək.
BBC-nin məlumatına görə, bu missiya Çinin 2030-cu ilə qədər Aya insan göndərməyi hədəfləyən iddialı kosmik proqramının növbəti mərhələsidir.
Missiyada Li ilə yanaşı, 39 yaşlı aerokosmik mühəndis Çju Yançju və 39 yaşlı keçmiş Hərbi Hava Qüvvələri pilotu Çjan Çjiyuan da iştirak edir. Kosmik gəmi bazar günü yerli vaxtla saat 23:08-də Çinin şimal-qərbindəki Qobi səhrasından “Long March 2-F” raketi ilə buraxılıb. Buraxılış zamanı böyük izdiham Çin bayraqları dalğalandırıb.
Bir neçə saat sonra kosmik gəmi Tiangong stansiyası ilə uğurla birləşib. “Şençjou-23” missiyasının əsas məqsədlərindən biri mikroqravitasiyanın insan orqanizminə təsirini müxtəlif təcrübələr vasitəsilə öyrənməkdir.
Honkonq rəhbəri Con Li Li Ciayinqin missiyada iştirakını “tarixi hadisə” kimi qiymətləndirib. Astronavt isə Çinin ilk kosmonavtı Yanq Liveydən ilham aldığını bildirib: “Bu, nadir fürsətdir. Niyə də sınamayaq?” – deyə Sinxua agentliyi onun sözlərini sitat gətirib.
Missiya çərçivəsində əsas təcrübələrdən biri də planlaşdırılır: heyət üzvlərindən ən azı birinin bir il orbitdə qalması nəzərdə tutulur. Bununla bağlı qərarı səlahiyyətli qurumlar verəcək. Bu baş verərsə, həmin müddət kosmosda ən uzun qalma rekordlarından birinə yaxın olacaq və 1995-ci ildə rus kosmonavtı Valeri Polyakovun 14 aylıq rekordundan bir qədər qısa olacaq.
Mütəxəssislər bildirirlər ki, Çinin uzunmüddətli kosmik uçuşlara keçidi həm texniki avadanlıqlar, həm də insan orqanizmi üçün yeni mərhələdir. 2024-cü ildə Çinin “Çanqe-6” missiyası Ayın görünməyən tərəfindən süxur nümunələri gətirərək tarixə düşüb. Ölkə yaxın illərdə “Mənçjou” kosmik gəmisinin sınaq uçuşunu da planlaşdırır.
İzmedia.az
![]()

