Böyük Britaniyanın Jet2 aviaşirkətinə məxsus sərnişin təyyarəsinin pilotu uçuş zamanı infarkt keçirib. Hadisə Tenerife-Birmingem reysi zamanı, təyyarə 9 min metrdən çox yüksəklikdə olarkən baş verib.
Məlumata görə, pilot özünü pis hiss etdikdən sonra kabin heyəti sərnişinlər arasında həkim olub-olmadığını soruşub. Təyyarədə olan digər pilot vəziyyətə nəzarəti ələ alaraq hava gəmisini təcili şəkildə Porto hava limanına endirib.
220 sərnişinin olduğu Airbus A321 tipli təyyarə eniş etdikdən sonra təcili tibbi yardım briqadaları pilota müdaxilə edib. Daha sonra o, xəstəxanaya çatdırılıb.
Sərnişinlər bir saatdan çox təyyarədə gözləməli olublar. Aviaşirkət isə onların geri qayıtması üçün Mançesterdən yeni pilot göndərib.
Şirkətin açıqlamasında bildirilib ki, hadisə zamanı təhlükəsizliklə bağlı heç bir risk yaranmayıb və sərnişinlər sonradan səfərlərini problemsiz davam etdiriblər.
izmedia.az
![]()
