Almaniyanın Dortmund şəhərində 51 yaşlı Serbiya vətəndaşı polis əməkdaşını yaraladıqdan sonra iki azyaşlı uşağı girov götürərək mənzildə barrikada qurub.
Hadisə Höxsten rayonunda baş verib. Məlumata görə, kişi əvvəlcə restoranda dava salıb, insanları hədələyib, bibər qazından istifadə edib və daha sonra avtomobillə hadisə yerindən uzaqlaşıb.
Polis başqa bir çağırış əsasında hadisə yerinə gəldikdə, şübhəli şəxs hüquq-mühafizə orqanlarının əməkdaşına atəş açıb. Güllə polis əməkdaşının qoruyucu jiletinə dəyib və o, yüngül xəsarət alıb.
Bundan sonra hücumçu binaya daxil olaraq iki uşağı girov götürüb. Ərazi polis tərəfindən mühasirəyə alınıb, xüsusi təyinatlı qüvvələr və peşəkar danışıqlar qrupu hadisə yerinə cəlb olunub.
Hazırda əsas məqsəd uşaqların təhlükəsiz şəkildə azad edilməsi və şübhəlinin təslim olmasına nail olmaqdır. Uşaqların vəziyyəti və əməliyyatın nəticələri barədə hələlik əlavə məlumat verilməyib.
izmedia.az
![]()
