Rubio ilə konqresmenlər arasında gərgin mübahisələr yaşanıb

2 Min Read

ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində çərşənbə günü keçirilən dinləmələr bir neçə dəfə qızğın müzakirələrlə müşayiət olunub. ABŞ Dövlət katibi Marko Rubio həm İranla bağlı siyasət, həm də Prezident Donald Trampın fəaliyyəti ilə əlaqədar sərt suallarla üzləşib.

Təxminən dörd saat davam edən dinləmələr Konqresdəki siyasi parçalanmanı da açıq şəkildə nümayiş etdirib. Respublikaçılar Rubionu müdafiə edərək fəaliyyətini yüksək qiymətləndiriblər. Demokrat konqresmenlər isə onu sərt şəkildə sorğu-suala tutublar.

Müzakirələrin gərgin anlarından birində Rubio etiraz edərək, “Bura Xarici İşlər Komitəsidir, yoxsa sirk? Burada nə baş verir?” deyə sual verib.

Kaliforniyadan olan demokrat konqresmen Ted Lyu Donald Trampın müxtəlif tədbirlər zamanı yatdığını iddia etdiyi videoları nümayiş etdirib. O, Rubionu Konqresə yanlış məlumat verməkdə ittiham edib. Buna səbəb Rubionun daha əvvəl “prezidentin yatdığı və ya oyaq qalmaqda çətinlik çəkdiyi heç bir iclasda iştirak etmədiyini” bildirməsi olub.

Ted Lyu çıxışı zamanı Rubionu həm Amerika ictimaiyyəti, həm də Ağ Evlə daha açıq danışmağa çağırıb.

Dinləmələr zamanı digər demokrat konqresmen Sara Ceykobs da Rubionu suallarla sıxışdırıb. O, İranla bağlı siyasətlə yanaşı, 2020-ci il prezident seçkilərinin nəticələri və Trampın Rubioya hədiyyə etdiyi iddia olunan ayaqqabılar barədə də suallar verib.

Ceykobs Rubiodan 2020-ci il prezident seçkilərində kimin qalib gəldiyini soruşsa da, Dövlət katibi bu suala cavab verməkdən imtina edib və bunun xarici siyasətlə bağlı dinləmələrin mövzusu olmadığını bildirib.

Konqresmen daha sonra “The Wall Street Journal” qəzetində dərc olunmuş materiala istinad edərək, Trampın kabinet üzvlərinə “Florsheim” markalı ayaqqabılar hədiyyə etdiyini xatırladıb. O, yayımlanan fotolarda Rubionun ayaqqabılarının böyük göründüyünü iddia edib.

Rubio əvvəlcə bu mövzuya istehza ilə yanaşaraq “Onun hansı ayaqqabılardan danışdığını bilmirəm. Bu nə cəfəngiyatdır?” deyib. Lakin daha sonra Trampın ona “Florsheim” ayaqqabıları hədiyyə etdiyini təsdiqləyib.

Digər demokrat konqresmen Sidney Kamlager-Dave ilə yaşanan emosional mübahisədən sonra isə Rubio qanunvericilərin ona cavab vermək imkanı yaratmadığını bildirib.

“Bunlar dinləmələr deyil. Elə bil üzərinizə su tökürlər. Bu nədir axı?” – deyə Dövlət katibi zarafatla qeyd edib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş