Vinisius Junior gələn mövsüm də “Real Madrid”də qalacaq

3 Min Read

Braziliyalı ulduz Vinisius Junior müqaviləsinin uzadılıb-uzadılmamasından asılı olmayaraq, gələn mövsümü “Real Madrid”də keçirmək qərarına gəlib.

AS nəşrinin məlumatına görə, yeni müqavilə ilə bağlı razılıq əldə olunmasa belə, 25 yaşlı futbolçu hazırkı sözləşməsinin sonuna qədər klubda qalmağa və 2027-ci ilin yayında azad agent kimi ayrılmağa hazırdır. Bununla yanaşı, Vinisiusun əsas məqsədi Madrid təmsilçisində qalmaq və yeni müqavilə imzalamaqdır.

Mənbənin yazdığına görə, bu qərar “Real Madrid”in gələcək planları ilə bağlı bəzi qeyri-müəyyənlikləri aradan qaldırıb. Çünki son aylarda klubun hücum xəttinə yeni ulduz futbolçular cəlb etmək niyyəti ilə bağlı çoxsaylı iddialar səsləndirilirdi.

Vinisiusun müqaviləsinin uzadılması ilə bağlı danışıqlar bir neçə aydır dayanıb. FIFA Dünya Kubokunun yaxınlaşması səbəbindən tərəflər arasında müzakirələrin turnirdən sonra bərpa olunacağı gözlənilir. Futbolçunun gələn mövsüm də komandada qalmaq qərarı isə onun danışıqlardakı mövqeyini daha da gücləndirib.

Hücum xəttində rəqabət artır

Vinisius Braziliya millisinin heyətində Dünya Kubokuna hazırlaşdığı vaxtda Avropa mətbuatında “Real Madrid”in hücum xəttini gücləndirmək planları ilə bağlı xəbərləri izləyir.

Xüsusilə, Madrid klubunun “Atletiko Madrid”in hücumçusu Julian Alvares üçün rekord məbləğ sayılan 150 milyon avro təklif edə biləcəyi barədə məlumatlar futbolçunun gələcək rolu ilə bağlı suallar yaradıb.

Bundan başqa, adı “Real Madrid”lə hallanan Maykl Olisenin transferi də hücum xəttində rəqabəti daha da artıracaq variantlardan biri kimi qiymətləndirilir.

Florentino Peres ehtiyatlı danışıb

“Real Madrid”in prezidenti Florentino Peres Vinisiusun gələcəyi ilə bağlı suala yaxın zamanda ehtiyatlı cavab verib.

“Düzünü desəm, bilmirəm. Məndən soruşsanız, onun qalmasını istəyirəm. O, dünyanın ən yaxşı futbolçularından biridir”, – deyə Peres bildirib.

Qeyd olunur ki, tərəflər arasında müqavilə danışıqları ötən ilin iyul ayından faktiki olaraq dayanıb.

Maaş məsələsi hələ də müzakirə olunur

“Qızıl top” mükafatına əsas namizədlərdən biri olan və “The Best” mükafatını qazanan Vinisius əvvəlcə illik təxminən 30 milyon avro maaş tələb edirdi.

Lakin danışıqlara yaxın mənbələrin məlumatına görə, futbolçu sonradan maliyyə tələblərini əhəmiyyətli dərəcədə azaldıb. Eyni zamanda, “Real Madrid” də ilkin təklifini yaxşılaşdırıb. Tərəflər arasındakı fərqin minimum səviyyəyə enməsinə baxmayaraq, yekun razılaşma hələ əldə olunmayıb.

Vinisius sonuncu dəfə 2022-ci ildə müqaviləsini 2027-ci ilin yayına qədər uzadıb. Həmin müqaviləyə əsasən, onun maaşı mərhələli şəkildə illik 13 milyon avrodan 17 milyon avroya qədər artır və orta hesabla mövsümə 15 milyon avro xalis gəlir əldə edir. Bundan əlavə, futbolçu fərdi uğurlarına görə bonuslar da qazanıb.

Məlumata görə, Vinisiusun əsas məqsədlərindən biri maaş baxımından komanda yoldaşı Kilian Mbappeyə yaxınlaşmaqdır.

Hazırda “Real Madrid” gələcək layihəsini Vinisius Junior, Kilian Mbappe və Cud Bellinqem üzərində qurur. Klub prezidenti Florentino Peres isə azarkeşlərə daha bir böyük ulduz transfer edəcəyinə söz verib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş