Bir şəklin tarixçəsi: 2024-ci ilin iyul ayı şəhid atası Əliyev Mehman ilə qərara gəldik ki, birlikdə Quba rayonunda yerləşən sanatoriyalardan birinə gedib istirahət edək. Sanatoriyaya gedib yerləşdiyimiz günün səhərisi əslən Füzuli rayonundan olan, hazırda Zabrat qəsəbəsində yaşayan Namiq kişi ilə və şəhid milli qəhrəman Seymur Məmmədovun atası Qəhrəman müəllim ilə tanış olduq. Tanışlıqdan sonra demək olar ki, hər gün bir yerdə olurduq. Bir gün qərara gəldik ki, birlikdə gəzməyə gedək. Çıxdıq, gəzib dolaşdıqdan sonra yol qırağında yerləşən restoranların birində yeməyə oturduq. Mən balıq istədim dedilər ki, bir nəfərlik var. Mənə qızardılmış çay balığı, digərlərinə isə kabab gəldi. Yeməyə başlayarkən Qəhrəman müəllim kababdan imtina etdi. Balıq yeməyi təklif etdim, o, bundan da imtina etdi. Soruşduq ki, “ay Qəhrəman müəllim niyə kabab yemirsən?” Cavab verdi ki, “mən elimdən obamdan qaçqın düşəndən bəri kabab yeməkdən imtina etmişəm. Söz vermişəm nə vaxt Füzuliyə qayıtsam, onda kabab yeyəcəm”. Hər birimiz bir anlıq susduq və bir-birimizə baxdıq. Mən özümə gələrək üzümü Qəhrəman müəllimə tutub dedim, “müəllim siz bu dəfə əhdinizi pozmalı olacaqsız. Çünki Füzuli rayonunun düşməndən geri alan döyüşçülərdən biri olan Fizuli müəllimlə kabab yemək olar”. O biraz fikirləşərək dedi, “ay Fizuli müəllim, sən də doğru deyirsən” və əlini süfrəyə uzatdı. Axşama yaxın xoş əhval-ruhiyyə ilə sanatoriyaya qayıtdıq. Qəhrəman müəllim ilə söhbətlərimiz zamanı o yeganə oğlu, milli qəhrəman Seymurun döyüş yolundan və şəhid olduqdan sonra başlarına gələn hadisələrdən bizə bəhs etdi. Qəhrəman müəllimin 81 yaşı var idi, bütün ömrünü müəllimliyə həsr etmişdi. Bir-birimizin mobil telefon nömrəsini götürsək də, sonra Qəhrəman müəllim ilə əlaqə yarada bilmədik. Zənglərimiz cavabsız qaldı.
Allah bütün şəhidlərimizə rəhmət etsin! Həqiqətən də hər bir şəhidin həyatı bir qəhrəmanlıq dastanıdır. Allah şəhid ailələrimizə səbr versin.
Şəkildə qırmızı köynəkdə olan Qəhrəman müəllimdir.
![]()

