İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi “Mehr” agentliyinə açıqlamasında ölkəsinin hələ də müharibə vəziyyətində olduğunu və Hörmüz boğazındakı vəziyyətin birbaşa milli təhlükəsizlik məsələsinə çevrildiyini bildirib. Nazir müavini gəmilərin keçid marşrutlarında köklü dəyişikliklərin edilməsinin vacibliyini vurğulayıb.
Qəribabadi Omanla əldə olunan yeni müvəqqəti razılaşmanın təfərrüatlarını açıqlayıb:
“Son 58 ildir gəmilər Oman sularından keçərək İrana ciddi ziyan vururdu. Yeni sxemə əsasən, Fars körfəzinə giriş və çıxış dəhlizləri İran sularından keçəcək və ümumi eni təxminən 7 mil olan ikitərəfli magistral yol kimi fəaliyyət göstərəcək. Bu marşrut müvəqqətidir — İran və Oman 30-60 gün ərzində əvvəlki dəniz navigasiya sistemini əvəz edəcək yeni daimi marşrut üzrə razılığa gəlməlidirlər.”
O əlavə edib ki, razılaşmaya əsasən boğazdan hərbi gəmilərin keçidi qadağan edilib və tranzitə yalnız kommersiya gəmiləri üçün icazə veriləcək.
Qəribabadi ABŞ Prezidenti Donald Trampın boğazın minalardan təmizlənməsi barədə bəyanatlarını təkzib edərək, İrandan başqa heç kimin minaların dəqiq yerini bilmədiyini diqqətə çatdırıb: “Əgər bu iddia doğrudursa, niyə hazırda boğazdan heç bir gəmi keçmir?”.
Vaşinqtonla olası danışıqlara toxunan nazir müavini şərtlərin dəyişdiyini və Tehranın milli təhlükəsizliyi qorumaq üçün bundan sonra qabaqlayıcı tədbirlər görə biləcəyini vurğulayıb. O, həmçinin bu həftə Tehrana səfər edən Pakistan ordusunun rəhbərliyinə də ABŞ-yə etibar etmədiklərini xatırlatdıqlarını bildirib.
İzmedia.az
![]()

