FT: İlon Mask “Starlink”in Rusiya ərazisinə zərbələr üçün istifadəsinə icazə veriləcəyini istisna etməyib

2 Min Read
“SpaceX” şirkətinin baş direktoru İlon Mask Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisindəki hərbi hədəflərə uzaqmənzilli zərbələr endirmək üçün “Starlink” peyk internetindən istifadə etməsinə qarşı olmadığını bildirib. Lakin amerikalı sahibkar vurğulayıb ki, bu məsələdə yekun qərarı Ağ Ev verməlidir.
“Financial Times” (FT) qəzetinin mənbələrinə istinadən verdiyi məlumata görə, Ukrayna tərəfi “Starlink”lə təchiz olunmuş dronlar vasitəsilə sərhəddən 200 kilometrə qədər dərinlikdə yerləşən Rusiya hərbi obyektlərinə, xüsusən də ballistik raket buraxılış qurğularına zərbələr endirmək niyyətindədir. İyul ayında Vaşinqtonda keçirilən görüş zamanı Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampdan bu məsələdə dəstək istəsə də, Ağ Ev rəhbəri tərəfindən hələlik dəqiq vəd verilməyib.
Kiyev hesab edir ki, zərbə radiusunun 200 kilometr ilə məhdudlaşdırılması Maskın qərarına müsbət təsir göstərə bilər. “Patriot” HHM sistemləri üçün raket qıtlığı fonunda ukraynalı hərbçilər “Starlink”lə təchiz edilmiş PUA-ların köməyi ilə hücum raketlərini havada tutmaq əvəzinə, onların buraxılış qurğularını yerdə məhv etməyi hədəfləyirlər.
Bununla yanaşı, “The Atlantic” və FT nəşrlərinin məlumatına görə, İlon Mask əvvəllər nüvə eskalasiyası riskindən ehtiyat edərək sistemin hücum məqsədli istifadəsinə qarşı çıxıb. Biznesmen Ukraynadakı münaqişənin artıq neçə ildir cəbhə xəttində durğunluq yaratdığını və hər gün çoxlu insanın həlak olduğunu bildirərək tarafları sülh danışıqlarına çağırıb. O, bu mövqeyinin Rusiyayönlü olmadığını, sadəcə praqmatik yanaşmadan irəli gəldiyini vurğulayıb.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş