Hörmüz boğazının bağlanmasından yeddi ay sonra, İran istisna olmaqla, Yaxın Şərq Körfəzi ölkələrinin xam neft ixracı berpa olunaraq sentyabr ayında gündəlik ən azı 16,5 milyon barelə çatıb. Enerji analitikası şirkəti “Kpler”in məlumatına görə, ixrac həcmləri müharibədən əvvəlki göstəricilərə qayıtsa da, bərpa regional neft logistikasının tamamilə dəyişməsi hesabına baş verib.
Şirkətin açıqlamasında bildirilir ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) boru kəməri marşrutlarından istifadəni əhəmiyyətli dərəcədə artırıblar. Nəticədə, xam neftin təxminən 40%-i Hörmüz boğazından yan keçməklə xarici bazarlara nəql olunur. Müqayisə üçün qeyd olunub ki, müharibədən əvvəl bu göstərici cəmi 17% təşkil edirdi.
Hesabatda həmçinin vurğulanır ki, avqust ayında Hörmüz boğazından keçən neftin 70%-dən çoxu açıq dənizdə tankerlərarası yükötürmə (ship-to-ship) əməliyyatları vasitəsilə daşınıb. “Kpler” ekspertləri ixrac həcmlərinin tam bərpa olunduğunu, lakin bunun artıq kökündən fərqlənən yeni ixrac sistemi vasitəsilə həyata keçirildiyini diqqətə çatdırıblar.
İzmedia.az
![]()

