Sky News telekanalı təhlükəsizliyinə təhdid barədə məlumat alıb.
Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın “Sky News” telekanalı məlumat yayıb.
Məlumata görə, telekanal digər media qurumları ilə yanaşı, onun təhlükəsizliyinə təhdid barədə mesaj alıb. Bu barədə telekanalın efirində aparıcının oxuduğu “Comcast” telekommunikasiya korporasiyasının bəyanatında bildirilib.
Bəyanatda qeyd olunub ki, daxil olan təhdid qiymətləndirilib və hadisə ilə bağlı müvafiq qurumlara məlumat verilib.
“Əməkdaşlarımızın təhlükəsizliyi bizim üçün əsas prioritetdir. Onların təhlükəsizliyini və şirkətin fəaliyyətinin fasiləsiz davam etməsini təmin etmək üçün hakimiyyət orqanları ilə sıx əməkdaşlıq edirik”, – deyə bəyanatda vurğulanıb.
Qeyd edək ki, daha əvvəl Dublində bomba təhlükəsi ilə əlaqədar bir sıra İrlandiya mediasının, o cümlədən “RTÉ” telekanalının, “Irish Independent” qəzetinin, “Newstalk”, “Today FM”, “Spin 1038” və “98FM” radiostansiyalarının redaksiyalarından əməkdaşlar təxliyə edilib.
![]()

