Putin tünd qırmızı, Tramp mavi, Si qırmızı: Üç liderin qalstukları hansı mesajı verdi?

3 Min Read
  • Putin, Tramp və Si Cinpinin görüşündə qalstukların “dili” diqqət çəkdi

Çinin Şençjen şəhərində Rusiya, ABŞ və Çin liderlərinin görüşü təkcə siyasi müzakirələrlə deyil, liderlərin davranışları, açıqlamaları və geyim seçimləri ilə də dünya mediasının diqqət mərkəzinə düşüb.

Sherg.az xəbər verir ki, Sputnik Ermənistanın məlumatına görə, Vladimir Putin, Donald Tramp və Si Cinpinin üçtərəfli görüşü dünyanın aparıcı media orqanlarının əsas gündəm mövzularından birinə çevrilib.

ABŞ-ın CNN telekanalı görüşlə bağlı xəbərləri əsas səhifəsində geniş işıqlandırıb. Nəşrin diqqət çəkən başlıqları arasında “Putin Trampla görüşdən sonra əla əhval-ruhiyyədədir”, “O, mənim dostumdur” – Trampın Putin haqqında açıqlaması və Rusiya liderinin nüvə çamadanını daşıyan hərbçi ilə bağlı materiallar yer alıb.

Trampın “Putin mənim dostumdur” ifadəsi BBC, CNN və “The Independent” kimi beynəlxalq media orqanlarında da geniş əks-səda doğurub. Bununla yanaşı, ABŞ-ın keçmiş diplomatları və siyasi şərhçiləri bu açıqlamanı tənqid ediblər.

Britaniyanın “The Guardian” qəzeti liderlərin görüşünü canlı yayımlayaraq Trampın Putinlə münasibətlərini “əla” adlandırmasına diqqət çəkib. “The Mirror” nəşri də iki liderin birlikdə gülüşdüyü görüntüləri və Trampın “O, mənim dostumdur” sözlərini ön plana çıxarıb.

Almaniyanın “Bild” qəzeti Putinin Trampın dostu olması mövzusunu əsas səhifəyə çıxarıb. Fransanın BFM TV telekanalı isə Tramp və Si Cinpinin Ukraynadakı münaqişənin başa çatmasına kömək etmək niyyətinə diqqət yetirib.

Çinin dövlət mediası isə Si Cinpinin Rusiya, Çin və ABŞ-ın dünyada sülhün qorunmasına dair baxışlarının üst-üstə düşməsi barədə fikirlərini yayıb.

Liderlərin qalstuk seçimi də diqqətdən yayınmayıb

Rusiya nəşri “Daily Storm” görüşün daha bir maraqlı detalına – liderlərin qalstuk seçiminə diqqət çəkib.

Nəşrin təhlilinə görə, Vladimir Putin Trampla Çindəki görüşdə də ənənəsinə sadiq qalaraq tünd qırmızı, şərab rəngli qalstuk taxıb. O, bu rəngə 2025-ci ildə Alyaskada keçirilən görüşdə də üstünlük vermişdi.

Məqalədə qeyd olunur ki, qırmızı rəng güc, qətiyyət və enerjini, tünd qırmızı rəng nüfuz və özünəinamı, mavi rəng isə etimad və diplomatik yanaşmanı simvolizə edir.

Tramp isə budəfəki görüşdə əvvəlki qırmızı qalstuklarından fərqli olaraq mavi qalstuk seçib. Nəşr bunu Rusiya liderinə münasibətdə etimad mesajı kimi şərh edib.

Si Cinpin də Şençjendəki tarixi görüş üçün naxışlı, tünd qırmızı qalstuk seçib.

Məlumatda Putinin tünd qırmızı qalstuka xüsusi üstünlük verdiyi vurğulanır. O, bu rəngdə qalstukla 2017-ci ildə Vyetnamda keçirilən APEC sammitində, 2018-ci ildə Argentinadakı G20 sammitində, 2019-cu ildə Yaponiyanın Osaka şəhərində Tramp ilə görüşündə, eləcə də 2024-cü ildə Kazanda keçirilən BRICS sammitində iştirak edib.

Şençjen seçimi təsadüfi deyil

Məqalədə üç liderin görüşü və APEC sammiti üçün Şençjen şəhərinin seçilməsinin də xüsusi məna daşıdığı qeyd olunur.

Bildirilir ki, yarım əsr əvvəl kiçik balıqçı qəsəbələri və düyü tarlalarından ibarət olan Şençjen sonrakı onilliklərdə sürətlə inkişaf edərək dünyanın mühüm texnologiya və innovasiya mərkəzlərindən birinə çevrilib.

1970-ci illərin sonlarında burada təxminən 30 min nəfər yaşayırdısa, hazırda şəhərin əhalisi 18 milyona yaxındır. Bu gün Şençjen göydələnləri, pilotsuz avtomobilləri və dünyanın aparıcı texnologiya şirkətləri ilə Çinin iqtisadi və texnoloji inkişafının simvollarından biri hesab olunur.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş