Rusiya Xarici İşlər Nazirliyinin Avropa işləri departamentinin direktoru Vladislav Maslennikov “İzvestiya”ya verdiyi müsahibədə bildirib ki, Rusiya və Avropa İttifaqı arasında ünsiyyət perspektivləri Avropa liderlərinin Rusiya əleyhinə xarici siyasəti yenidən nəzərdən keçirməyə hazır olub-olmamasından asılıdır.
Diplomatın sözlərinə görə, “Aİ ilə ünsiyyətimizin perspektivləri birbaşa onun rəhbərliyinin Rusiya əleyhinə xarici siyasət kursunu yenidən nəzərdən keçirməyə və qanuni maraqlarımıza lazımi şəkildə hörmət etməyə hazır olub-olmamasından asılıdır”.
Maslennikov qeyd edib ki, Moskva Avropa ilə dialoqdan imtina etməyib və daim Qərb qonşuları ilə fikir ayrılıqlarını diplomatik yollarla həll etməyə çalışıb.
Onun sözlərinə görə, hazırda Brüsselin Rusiya ilə hər hansı ciddi dialoqu bərpa etməyə hazır olub-olmadığını demək çətindir.
“İndiyə qədər hər şey potensial Aİ danışıqlarçısının kim olacağı ilə bağlı daxili müzakirələrə əsaslanır. Lakin Aİ rəsmiləri hələ Moskva ilə hansı mövzuları müzakirə edəcəklərini dəqiq müəyyən etməyiblər. Ümumiyyətlə, onların real danışıqlar aparıb-apara bilməyəcəyi sual altındadır”, – deyə Maslennikov əlavə edib.
İzmedia.az
![]()

