Uqandada milli park ərazisində avtomobilin fillə toqquşması nəticəsində ən azı üç nəfər həyatını itirib.
Polisin məlumatına görə, hadisə bazar günü axşam ölkənin şimal-qərbində yerləşən Murchison Falls Milli Parkında baş verib. Qəza zamanı daha dörd nəfər yaralanıb.
Bildirilib ki, nəqliyyat vasitəsində Uqanda Gəlir İdarəsinin (URA) yeddi əməkdaşı olub.
Toqquşma baş verdiyi vaxt avtomobil Arua şəhərindən paytaxt Kampalaya doğru hərəkət edirdi. Yaralılar əvvəlcə yerli xəstəxanaya yerləşdirilib, daha sonra isə əlavə müalicə üçün Kampalaya aparılıblar.
Rəsmilər filin vəziyyəti ilə bağlı məlumat verməyiblər.
Uqanda Vəhşi Təbiəti Mühafizə Xidməti sürücülərə ehtiyatlı olmaları ilə bağlı çağırış edib.
Qurumun açıqlamasında deyilir: “Mühafizə olunan təbiət ərazilərindən keçən sürücülərə ehtiyatlı olmaq tövsiyə olunur, çünki vəhşi heyvanlar tez-tez yolu keçirlər”.
İzmedia.az
![]()

