Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov bildirib ki, mayın 29-na keçən gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatları Volqoqradda “yanacaq-enerji kompleksi obyektlərinə” kütləvi hücum edib.
Məlumata görə, dronlar həmçinin qonşu Voljski şəhərində yerləşən sintetik lif zavodunu da hədəfə alıb. Hücum nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. Bundan başqa, Volqoqradın Krasnooktyabrski rayonundakı çoxmənzilli yaşayış binalarından birinə ziyan dəyib.
Qubernatorun sözlərinə görə, dron qalıqlarının düşməsi nəticəsində yaranan yanğınlar operativ şəkildə söndürülüb.
“Astra” nəşri yazır ki, Volqoqrad vilayətinin ən böyük neft emalı müəssisəsi olan “Lukoil-Volqoqradneftepererabotka” zavodu da zərbəyə məruz qalıb. İldə 15 milyon tondan çox neft emalı gücünə malik zavod benzin, dizel yanacağı, aviasiya yanacağı, mazut və digər neft məhsulları istehsal edir. Müəssisənin müharibə dövründə ən azı on dəfə hücuma məruz qaldığı bildirilir.
Yaroslavl vilayətinin rəhbəri Mixail Evrayev isə bildirib ki, ötən gecə Yaroslavla da dron hücumu olub. Onun sözlərinə görə, zərbə sənaye yanacaq anbarlarına endirilib və baş verən yanğın xüsusi xidmət orqanları tərəfindən söndürülür. Tələfat qeydə alınmayıb.
Eyni zamanda, şəhərin Moskva istiqamətində çıxış hissəsində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olunub.
“Astra”nın məlumatına əsasən, Yaroslavlın sənaye zonasında “Slavneft-Yaroslavnefteorgsintez” (YANOS) neft emalı zavodu, “Yaroslavl Spetsorg Plus” neft bazası, bitum zavodu və İES-3 yerləşir.
Rusiya Müdafiə Nazirliyi açıqlayıb ki, ötən gecə Rusiya və ilhaq edilmiş Krım ərazisi üzərində ümumilikdə 208 Ukrayna dronu vurulub. Dronların Belqorod, Bryansk, Vladimir, Voronej, Volqoqrad, Kursk, Orel, Rostov, Saratov, Tver və Yaroslavl vilayətləri, həmçinin Krasnodar diyarı üzərində məhv edildiyi bildirilib.
İzmedia.az
![]()

