ABC News-un mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı ilkin razılaşma çərçivəsində konkret güzəştləri yazılı şəkildə təsdiqləməsini tələb edir.
Məlumatda bildirilir ki, İran tərəfinin nümayəndələri daha əvvəl danışıqlar zamanı Tehranın nüvə proqramı ilə bağlı müəyyən şərtləri qəbul edəcəyinə dair şifahi təminatlar veriblər. Lakin Tramp Ağ Evin Vəziyyət Otağında keçirilən görüş zamanı bu öhdəliklərin kifayət qədər etibarlı olmadığı qənaətinə gəlib.
Hesabatda qeyd olunur:
“İranın danışıqlar aparan nümayəndələri rejimin nüvə proqramı ilə bağlı müəyyən şərtləri qəbul edəcəyinə dair şifahi zəmanətlər versələr də, Prezident Tramp Vəziyyət Otağında keçirilən müşavirə zamanı bu öhdəliklərin kifayət qədər güclü olmadığına qərar verib”.
Mənbələrin məlumatına görə, İran hazırda saziş layihəsini nəzərdən keçirməyə davam edir. Tərəflər ötən həftə sənədin ilkin variantı üzrə razılıq əldə ediblər.
İlkin layihədə İranın nüvə silahı hazırlamamaq barədə yazılı öhdəliyi yer alsa da, nüvə proqramının digər istiqamətləri ilə bağlı konkret şərtlər və öhdəliklər əks olunmayıb.
Donald Tramp İranın bir həftə ərzində Vaşinqtonun irəli sürdüyü şərtləri qəbul edəcəyinə ümid etdiyini bildirib. Bununla belə, ABŞ rəsmiləri İran rəhbərliyinin saziş ətrafında vahid mövqe formalaşdırıb-formalaşdıra bilməyəcəyi ilə bağlı şübhələrini ifadə ediblər.
İzmedia.az
![]()

