ABŞ Almaniyaya “Tomahawk” qanadlı raketlərinin tədarükü ilə bağlı müqaviləni ləğv edə bilər. Bu barədə “Politico” qəzeti Amerika və Avropa rəsmilərinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, belə bir qərar Rusiyanın mümkün cavab tədbirləri və İrana qarşı hərbi əməliyyatlar zamanı bu tip silahların ehtiyatlarının əhəmiyyətli dərəcədə azalması ilə bağlı narahatlıqlardan qaynaqlanır.
“Politico” qeyd edir ki, Pentaqonun Almaniyaya “Tomahawk” raketləri göndərilməsi planını ləğv edəcəyi gözlənilir. Mənbələrin sözlərinə görə, ABŞ rəsmiləri Rusiyanın bu addımı gərginliyin artırılması kimi qiymətləndirə biləcəyindən ehtiyat edirlər.
Bildirilir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Avropanın mərkəzində yüksək dəqiqlikli raketlərin yerləşdirilməsi planını davam etdirəcəyi təqdirdə, Moskvanın mümkün reaksiyası Vaşinqtonda narahatlıq doğurur. Bununla belə, raketlərin tədarükündən imtina barədə qərar Co Bayden administrasiyası dövründə əldə olunmuş razılaşmanın ləğvi demək olacaq və Almaniyanı rəhbərliyin zəruri hesab etdiyi silahlardan məhrum edə bilər.
Qəzetin mənbələri bildiriblər ki, bu addım ABŞ-ın NATO-dakı iştirakını azaltmağa yönəlmiş daha geniş strategiyanın tərkib hissəsidir. Həmin strategiyaya Almaniyada yerləşdirilmiş minlərlə Amerika hərbçisinin çıxarılması, eləcə də zərurət yarandıqda təyyarə, pilotsuz uçuş aparatları və gəmilər kimi əlavə qüvvələrin ayrılmasından imtina edilməsi daxildir.
Almaniya Müdafiə Nazirliyinin sözçüsü nəşrə açıqlamasında bildirib ki, bu yanaşma “müttəfiqlərin Avropanın ənənəvi müdafiəsi üçün əsas məsuliyyəti öz üzərinə götürməsi” prinsipinə əsaslanır.
Rəsmilərin sözlərinə görə, Pentaqon hazırda İrana qarşı hərbi kampaniya zamanı istifadə edilmiş minlərlə “Tomahawk” qanadlı raketi və “Patriot” raketləri də daxil olmaqla, raket arsenalının bərpasına ciddi ehtiyac duyur.
Nəşr xatırladıb ki, mayın əvvəlində Almaniya kansleri Fridrix Merts ABŞ-ın Almaniyada “Tomahawk” raketləri yerləşdirəcəyini gözləmədiyini bildirib. O qeyd edib ki, bu raketlərin sayı məhduddur və onların uçuş məsafəsi təxminən 1600 kilometrdir.
Merts Almaniya ictimai televiziyasına müsahibəsində bildirib ki, “amerikalıların özlərinin hazırda bu cür vasitələri kifayət qədər deyil”.
Almaniyanın müdafiə naziri Boris Pistorius isə may ayında deyib ki, Almaniya bir il yarım əvvəl ABŞ-a “Tomahawk” raketlərinin alınması ilə bağlı rəsmi sorğu göndərib, lakin hələ də cavab almayıb. Nazir əlavə edib ki, mövcud beynəlxalq vəziyyəti nəzərə alaraq bu məsələdə böyük ümidləri yoxdur.
İzmedia.az
![]()

