İsrail İranın Mahşəhr şəhərindəki neft-kimya kompleksinə zərbə endirib

1 Min Read

İyunun 8-nə keçən gecə İsrail Hərbi Hava Qüvvələri İran ərazisində əməliyyat həyata keçirib. İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin yaydığı məlumata görə, ölkənin cənub-qərbində yerləşən Bəndər-e Mahşəhr şəhərindəki neft-kimya kompleksinə zərbələr endirilib.

İsrail Hərbi Hava Qüvvələrinin açıqlamasında bildirilib ki, “İsrail Hərbi Hava Qüvvələri İranın cənub-qərbində yerləşən Mahşəhr şəhərindəki neft-kimya kompleksində bir neçə hədəfə zərbə endirib. Əməliyyatla bağlı əlavə məlumat daha sonra açıqlanacaq”.

İranın “Əl-Aləm” telekanalının məlumatına görə, zərbələr Xuzistan əyalətində yerləşən neft-kimya zavodunun obyektlərinə ziyan vurub.

Hadisə nəticəsində dəymiş ziyanın miqyası, mümkün itkilər və müəssisənin fəaliyyətinə təsiri ilə bağlı hələlik rəsmi məlumat verilməyib.

Bu hadisə son günlər İsrail və İran arasında qarşılıqlı hücumların intensivləşdiyi bir dövrdə baş verib.

Gərginliyin artmasından əvvəl, iyunun 7-si axşam saatlarında İsrailin şimal bölgələrinə raket hücumu həyata keçirilib. İsrail tərəfi bütün raketlərin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.

Həmin günün əvvəlində isə İsrail Beyrut ətrafında yerləşən Hizbullah hədəfinə zərbə endirib. İsrail ordusu bu əməliyyatın ölkənin şimalında Hizbullah tərəfindən həyata keçirildiyi iddia olunan hücumlara cavab olaraq təşkil edildiyini bildirib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş