ABŞ-ın Yuta ştatında genişmiqyaslı meşə yanğınının söndürülməsinə cəlb edilən helikopter qəzaya uğrayıb. “CBS News”un ABŞ federal hakimiyyət orqanlarına istinadən verdiyi məlumata görə, göyərtəsində iki nəfərin olduğu helikopter Solt Leyk Sitidən təxminən 260 km cənubda, Riçfild ərazisində düşüb. Ucqar ərazidə baş verən qəza yerinə alovun şiddəti səbəbindən dərhal çatmaq mümkün olmadığı üçün xəsarət alanların vəziyyəti hələlik məlum deyil.
Qəzaya uğrayan “Sikorsky S-64” tipli helikopter Fişleyk Milli Meşəsində iyulun 27-də ildırım vurması nəticəsində başlayan yanğınla mübarizə aparan 7 hava gəmisindən biri olub. İyulun sonundan bəri davam edən yanğın təxminən 428 kvadrat kilometr ərazini əhatə edib və onun yalnız 19%-i lokallaşdırılıb.
Bölgədə 600-dən çox yanğınsöndürən alovla mübarizə aparır. Güclü külək, quraqlıq və yüksək temperatur səbəbindən yanğının idarə olunması çətinləşib, azı 6 bina məhv olub və yerli sakinlər təxliyə edilib. Hazırda Yuta ştatı ərazisində ümumilikdə 134 min hektardan çox sahəni əhatə edən 8 böyük meşə yanğını tüğyan edir.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) hadisə ilə bağlı genişmiqyaslı araşdırmaya başlayıb.
İzmedia.az
![]()

