Almaniya Kansleri Fridrix Merts İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin Qəzza zolağı ilə bağlı səsləndirdiyi son bəyanatlarını sərt şəkildə qınayıb. Almaniya hökumətinin rəsmi nümayəndəsinin müavini Sebastyan Hille Kanslerin bu çağırışları “insanlıqdan kənar, beynəlxalq hüquqa zidd və qəbulolunmaz” hesab etdiyini açıqlayıb.
Məlumata görə, ifrat sağçı baxışları ilə tanınan nazir Ben-Qvir qatıldığı podkastlardan birində Qəzzada hər gün “30-40 düşmənin öldürülməsinin” vacibliyini iddia edib. O, həmçinin ərazidə “yaşamağa layiq olmayan” insanların olduğunu bildirib. Bu ifadələrin konkret döyüşçülərə, yoxsa mülki fələstinlilərə şamil edildiyi aydınlaşdırılmayıb.
İsrail nazirinin bu sözləri Almaniyadakı yəhudi icmaları tərəfindən də kəskin etirazla qarşılanıb. Yəhudilərin Mərkəzi Şurasının rəhbəri Yozef Şuster bu bəyanatların yəhudi dəyərlərinə tamamilə zidd olduğunu və İsrailin nüfuzuna ciddi xələl gətirdiyini vurğulayıb. Alman-İsrail Cəmiyyəti də analoji reaksiya verərək çıxışı “məsuliyyətsiz və qeyri-insani” adlandırıb.
İsrailin Baş naziri Binyamin Netanyahu hələlik öz kabinet üzvünün qalmaqallı fikirlərinə münasibət bildirməyib.
İzmedia.az
![]()

