“The Guardian” qəzetinin verdiyi məlumata görə, Antarktida mənşəli soyuq hava kütləsi Yeni Zelandiyada kəskin şaxta, qar və güclü küləklərlə müşayiət olunan anomaliyaya səbəb olub. Çərşənbə axşamından etibarən ölkəni bürüyən soyuq cəbhə nəticəsində Cənubi Adanın bəzi şəhərlərində temperatur -9°C-yə qədər düşüb.
Ölkədən diqqətçəkən mənzərələr:
-
Vellinqtonda nadir hadisə: Paytaxt şəhərində 15 ildən sonra ilk dəfə dəniz səviyyəsində qar fırtınası qeydə alınıb. Sakinlər bu qeyri-adi mənzərəni izləmək üçün küçələrə axışıblar.
-
Küçələrdə xizək keyfi: Dunedin şəhərində dərslər təxirə salınıb, sakinlər isə qarla örtülmüş küçələrdə snoubord sürüblər. Hətta bir xizəkçi Ginnesin Rekordlar Kitabına dünyanın ən dik küçəsi kimi düşən Bolduin (Baldwin) küçəsindən xizəklə enib.
-
Nəqliyyat və infrastrukturda problemlər: Kraystçörç şəhərində çimərliyə qar yağıb, eləcə də güclü fırtına səbəbindən yerli aeroportda uçuşlar dayandırılıb. Buzlaşan yollarda çoxsaylı qəzalar qeydə alınıb.
Kəskin soyuqlar səbəbindən ölkədə elektrik enerjisinə tələbat rekord həddə çatıb. Şəbəkə operatoru “Transpower” potensial kəsintilər barədə xəbərdarlıq edib. Sinoptiklər havanın yenidən kəskin soyuyacağını və yaxın günlərdə ilin ən soyuq səhərinin yaşanacağını proqnozlaşdırırlar.
İzmedia.az
![]()

