Kənd təsərrüfatı məhsulları kəskin bahalaşıb: Avqustda son 14 ilin rekordu vurulub

1 Min Read
Geopolitik münaqişələr və əlverişsiz hava şəraiti avqust ayında qlobal kənd təsərrüfatı bazarında qiymət artımını son 14 ilin maksimumuna çatdırıb. “Bloomberg”in 10 əsas kənd təsərrüfatı və qida məhsulunu izləyən İndeksi (Bloomberg Agriculture Spot Index) ötən ay 13 faiz sıçrayış edərək 434 dollara yüksəlib.
Qiymət artımında əsas pay sahibi buğdadır. Qara dəniz limanları ətrafındakı gərginlik fonunda buğdanın bir buşelinin (27,2 kq) qiyməti avqustun sonlarında 7,79 dollara çatmaqla 2023-cü ilin fevralından bəri ən yüksək həddə çatıb.
“Lachstock Consulting” analitik şirkətinin hesabatında bildirilir ki, Qara dəniz hövzəsindən ixrac bərpa olunmazsa, qlobal bazar müvəqqəti logistika problemi ilə deyil, çoxmövsümi təchizat böhranı ilə üz-üzə qalacaq. Ekspertlər qeyd edirlər ki, hazırda Argentina buğdasının keyfiyyəti şübhə altındadır, Kanada və Avstraliyanın ixrac imkanları məhduddur, ABŞ isə getdikcə baha təchizatçıya çevrilir.
Bununla yanaşı, iqlim dəyişikliyinin yaratdığı anomal yay istiləri ABŞ və Avropada qarğıdalı zəmilərinə ciddi zərər vurub. Qlobal iqlimə təsir edən “El Niño” fenomeninin isə gələn il kakao paxlası da daxil olmaqla, bir çox kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı üçün əlavə risklər yaradacağı gözlənilir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş