Əfqanıstan sanksiyaların qaldırılması və dondurulmuş aktivlərinin azad olunması müqabilində Birləşmiş Ştatlara ölkənin zəngin mineral ehtiyatlarının hasilatında iştirak etməyi təklif edir.
“Financial Times” (FT) qəzetinə müsahibə verən Əfqanıstanın xarici işlər naziri Əmir Xan Muttaki bildirib ki, ölkəsi Amerikanın dağ-mədən, infrastruktur, kənd təsərrüfatı və ticarət sahələrinə investisiya qoyuluşlarını məmnuniyyətlə qarşılayır: “Əfqanıstan və ABŞ arasında münasibətlər son 20 illik müharibə prizmasından deyil, gələcək əməkdaşlığa əsaslanmalıdır”.
Nazir ölkənin iqtisadi siyasətinin açıq olduğunu vurğulayıb. Qeyd edək ki, geoloji tədqiqatlara əsasən, Əfqanıstanda ümumi dəyəri təxminən 1 trilyon dollar qiymətləndirilən mis, dəmir, niobium, kobalt, qızıl və litium kimi kritik mineral ehtiyatlar mövcuddur.
Muttaki bu təklifin birbaşa Ağ Ev rəhbərliyinə çatdırılıb-çatdırılmadığını isə dəqiqləşdirməyib.
İzmedia.az
![]()

