ABŞ Dövlət Departamentinin məlumatına görə, İsrail və Livan Hizbullah hərəkatının hücumlarını tamamilə dayandırması şərti ilə atəşkəs rejiminin qorunub saxlanılması barədə razılığa gəliblər. Bu barədə Vaşinqtonun vasitəçiliyi ilə iki ölkə nümayəndələri arasında keçirilən danışıqlardan sonra məlumat verilib.
Dövlət Departamentinin bəyanatında bildirilir ki, ABŞ-ın rəhbərliyi ilə aparılan danışıqlar nəticəsində İsrail və Livan atəşkəs barədə razılıq əldə ediblər. Razılaşmaya əsasən, Hizbullah atəşi tam dayandırmalı və təşkilatın bütün döyüşçüləri Litani çayının cənubundakı ərazilərdən geri çəkilməlidirlər.
Məlumata görə, tərəflər Livan Silahlı Qüvvələrinin tam nəzarəti həyata keçirəcəyi pilot zonaların yaradılması barədə də razılığa gəliblər.
Bəyanatda qeyd olunur ki, İsrail və Livan bir-birinə qarşı düşmənçilik niyyətlərinin olmadığını təsdiqləyib, etimadın möhkəmləndirilməsi, bütün həllini tapmamış məsələlərin aradan qaldırılması və iki ölkə arasında hərtərəfli razılaşmanın əldə olunması istiqamətində birbaşa danışıqları davam etdirmək öhdəliyi götürüblər.
Həmçinin bildirilib ki, tərəflər hərtərəfli razılığa nail olmaq məqsədilə iyunun 22-si ilə başlayan həftə ərzində siyasi və təhlükəsizlik məsələləri üzrə müzakirələri bərpa etmək barədə razılığa gəliblər.
Eyni zamanda, ABŞ keçid dövründə tərəflər arasında əlaqələrin qurulmasına dəstəyini davam etdirəcəyini bəyan edib.
Xatırladaq ki, Livan və İsrail apreldə atəşkəs barədə razılığa gəliblər. Livan ordusu İsraillə münaqişədə iştirak etməyib. Hərbi əməliyyatlar atəşkəs razılaşmasının tərəfi olmayan Hizbullah hərəkatı tərəfindən həyata keçirilib.
İzmedia.az
![]()

