Nepalın Baş naziri Balendra Şah sosial şəbəkə hesabında paylaşım edərək, Bhote-Kosi çayında minlərlə insanın həyatına və itkin düşməsinə bais olan dağıdıcı daşqının əsas səbəbinin iqlim dəyişikliyi olduğunu bəyan edib.
Hökumət başçısı elmi araşdırmalara istinad edərək bildirib: “İqlim dəyişikliyi səbəbindən Himalay bölgəsində temperaturun 1.8 dərəcə artdığı sübut olunub. Buna görə də baş verən fəlakətin məhz bu amillə bağlı olduğuna heç bir şübhə yoxdur. İqlim dəyişikliyi qlobal bir problemdir və onun törətdiyi fəlakətlərin qarşısını almaq və nəticələrini aradan qaldırmaq bütün dünyanın ortaq məsuliyyətidir”.
Şahın sözlərinə görə, mütəxəssislərin ilkin rəyləri daşqının yüksək hündürlükdə yerləşən buzlaqın bir hissəsinin anidən qopması və çökməsi nəticəsində meydana gəldiyini göstərir. Payız mövsümündə kəskin temperatur artımı səbəbindən sürətlə əriyən buz kütləsi nəhəng sel axınına çevrilərək Himalay dağlarından vadiyə doğru böyük sürətlə enib və yolüstü yaşayış məntəqələrini yuyub aparıb.
Nepalın Baş naziri bu hadisəni Himalay regionunda kəskin artan iqlim riskləri ilə bağlı BMT və beynəlxalq ictimaiyyət üçün ciddi bir həyəcan siqnalı adlandırıb. O, yaxın vaxtlarda bu məsələni qlobal diplomatik platformalarda və beynəlxalq sammitlərdə rəsmi şəkildə qaldıracağını vurğulayıb.
İzmedia.az
![]()

