Kanadalı milyarder və qızıl tərəfdarı Frank Giustra kriptovalyuta bazarında səsləndirilən yüksək qiymət proqnozlarını tənqid edib və Bitcoinlə bağlı optimist gözləntiləri lağa qoyub.
Müzakirə kriptovalyuta analitiki Kris Milasın X sosial şəbəkəsində paylaşdığı fikirdən sonra başlayıb. Milas yazıb: “İnsanlar BTC-nin 2026-cı ilə qədər 150-200 min dollara çata biləcəyinə inanmaqdan daha çox yadplanetlilərin mövcudluğuna inanırlar”.
Rəqəmsal aktivlərin tanınmış tənqidçilərindən biri olan Giustra bu paylaşımın ardından sərt reaksiya verib. O bildirib: “Bitcoinin 200 min dolları keçdiyinə dair sübutlardan daha çox yadplanetlilərin mövcudluğuna dair dəlil var”.
Milyarder son günlərdə həmçinin investisiya şirkəti Ark Invest-in baş direktoru Keti Vudun Bitcoinlə bağlı səsləndirdiyi proqnozları tənqid etməsi ilə diqqət çəkib.
Keti Vud növbəti dəfə Bitcoin üzrə son dərəcə optimist proqnozunu təsdiqləyib. Onun fikrincə, əsas ssenari üzrə Bitcoinin qiyməti 730 min dollara çata bilər. Daha nikbin ssenaridə isə aparıcı kriptovalyutanın dəyəri 2030-cu ilə qədər 1,5 milyon dollara yüksələ bilər.
Ark Invest rəhbəri Bitcoini fiat valyutalarının dəyərsizləşməsinə qarşı ən vacib “sığorta vasitələrindən biri” kimi qiymətləndirir.
Fiziki qızılın ən fəal tərəfdarlarından biri kimi tanınan Giustra isə bu cür proqnozları qəbul etmədiyini bildirib.
“Bu cür şərhləri görmək sadəcə utandırıcıdır. Bitcoin heç vaxt bir milyon dollar dəyərində olmayacaq”, – deyə milyarder vurğulayıb.
İzmedia.az
![]()

