“Financial Times” (FT) nəşrinin sızdırılmış Rusiya sənədlərinə, hərbi lisenziyalara və səyahət qeydlərinə əsaslanaraq yaydığı araşdırmada bildirilir ki, Moskva və Tehran “C430L” kod adlı məxfi hərbi proqram çərçivəsində sıx əməkdaşlıq edir. 2023-cü ildən start götürən layihənin əsas məqsədi İranın onilliklərdir sahib olmaq istədiyi səsüstü və hipersəs kruiz raketləri üçün birbaşa axınlı aero-reaktiv (ramjet) mühərrik sistemini hazırlamaqdır.
Sənədlərə görə, “Rosoboronexport” və Rusiyanın “NPO Maşınostroyeniye” raket-kosmik müəssisəsinin aparıcı mühəndisləri layihənin icrasına cəlb olunub. Mütəxəssislər, o cümlədən kruiz raketləri üçün ramjet mühərrikləri sahəsində ixtisaslaşmış Aleksandr Çebakov dəfələrlə İrana səfər edərək sınaq göstəricilərini təhlil edib və iranlı mühəndislərə konstruksiya qüsurlarını aradan qaldırmaqda köməklik göstəriblər.
Britaniyanın “Conflict Armament Research” təşkilatının baş analitiki Fabian Hinz nəşrə bildirib ki, bu, Kremlin ən yüksək siyasi səviyyəsində təsdiqlənmiş, son dərəcə həssas və strateji əhəmiyyətli hərbi texnologiya transferidir.
Ekspertlər və MQİ-nin sabiq analitiki Cim Lamson vurğulayırlar ki, aşağı hündürlükdə səs sürətindən bir neçə dəfə iti uçan bu tip raketlər ABŞ və müttəfiqlərinin HHM sistemləri tərəfindən çətin təsbit olunur. Bu isə Yaxın Şərqdə, xüsusən də Fars körfəzində yerləşən ABŞ hərbi gəmiləri və bazaları üçün ciddi strateji təhlükə formalaşdırır.
İzmedia.az
![]()

