Rusiya tərəfindən ilhaq edilmiş Zaporojye Vilayətinin “Qanunvericilik Məclisinin” sədri Viktor Yemelyanenko TASS agentliyinə verdiyi açıqlamada Ukraynanın keçmiş rəqəmsal transformasiya və keçmiş müdafiə naziri Mixail Fyodorovun ABŞ-a “Patriot” HHM sistemləri müqabilində pilotsuz uçuş aparatları (PUA) ordusu qurmaq təklifini kəskin tənqid edib və bunu növbəti PR aksiyası adlandırıb.
Yemelyanenko bildirib: “Qərb mediasına verdiyi müsahibədə Fyodorov ABŞ-a PUA ordusu yaratmağa kömək etməyə hazır olduğunu bəyan etdi – xüsusən də ‘Patriot’ sistemləri müqabilində, hansı ki, guya bu onlara qışdan sağ çıxmağa kömək edəcək. Bu cür bəyanatlar sadəcə ictimaiyyətin rəğbətini qazanmaq üçün siyasi bir hiylədir. Müharibənin sponsorlarından silah və maliyyə qoparmaq üçün bəhanə nə qədər absürddürsə, onlar üçün bir o qədər yaxşıdır. Lakin raket əleyhinə sistemlər onların qış mövsümündən sağ çıxmasına imkan verməyəcək”.
Məsul şəxs əlavə edib ki, Fyodorov “Patriot” HHM komplekslərinin Ukrayna əhalisi üçün elektrik enerjisini və ya istilik üçün yanacağı necə əvəz edə biləcəyini izah edə bilmir. Yemelyanenko iddia edib ki, bu cür bəyanatlar Qərb tərəfindən idarə olunan və Kiyev rəhbərliyini daha loyal fiqurlarla əvəzləməyi hədəfləyən siyasi ssenarinin tərkib hissəsidir.
Xatırladaq ki, iyunun 30-da Ukraynanın keçmiş müdafiə naziri Mixail Fyodorov “Financial Times” qəzetinə müsahibəsində Kiyevin ABŞ-a pilotsuz təyyarə ordusunun formalaşdırılmasında texnoloji dəstək verməyə hazır olduğunu bildirmişdi. Bunun müqabilində isə o, Vaşinqtondan Ukraynanın energetika infrastrukturlarını qorumaq üçün “Patriot” raketəleyhinə müdafiə sistemlərinin və müdafiə texnologiyalarına yönəlmiş risk kapitalı fondu üçün investisiyaların ayrılmasını xahiş etmişdi.
İzmedia.az
![]()

