İsveç Seçki Təşkilatının (Valmyndigheten) aparat rəhbəri Anna Nikvist ölkədə keçirilən seçim prosesində qeydə alınan çoxsaylı insidentlərin mövcud səsvermə sistemindən qaynaqlandığını bildirib. Qurum rəhbərliyi siyasi partiyaların bülletenlərin paylanması və çatdırılmasında iştirak etmədiyi yeni modelin tətbiqini müdafiə edir.
Nikvist “SVT Nyheter”ə müsahibəsində bir çox ölkədə bülletenlərin birbaşa seçki məntəqəsində təqdim edilən dəyərli sənəd hesab olunduğunu və bunun saxtakarlığın qarşısını aldığını vurğulayıb. Səsvermə zamanı qeydə alınan qanunsuzluqların böyük əksəriyyəti bülletenlərin oğurlanması, yerinin dəyişdirilməsi və ya itməsi ilə bağlı olub.
Hazırda İsveç Seçki Komissiyasına bülletenlərin dizaynını yenidən nəzərdən keçirmək və səsvermə prosesini daha təhlükəsiz etmək üçün xüsusi onay qutularına malik vahid sistem üzərində işləmək tapşırılıb.
İzmedia.az
![]()

