Böyük Britaniya Finlandiya və Birgə Ekspedisiya Qüvvələrinin (JEF) digər üzvlərinə NATO çərçivəsindən kənar əlavə çəkindirici mexanizm kimi nüvə müdafiəsi təklif edib. Britaniya Kral Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı Qvin Cenkins Finlandiyaya səfəri zamanı bu “nüvə çətiri”nin Atlantik okeanında növbətçilik edən Britaniya atom sualtı qayıqları tərəfindən təmin olunacağını bildirib.
Cenkins Finlandiya Parlamentinin Müdafiə Komitəsinin sədri Heykki Avto ilə görüşündə Britaniya nüvə silahlarının JEF çərçivəsində yaradılacaq yeni döyüş bölmələri üçün əsas çəkindirici sistem rolunu oynayacağını diqqətə çatdırıb. Skandinaviya və Baltikyanı ölkələri, eləcə də Niderlandı birləşdirən JEF alyansının noyabrda Osloda keçiriləcək görüşdə yeni döyüş vahidlərinin yaradılması barədə müqavilə imzalayacağı gözlənilir. General qeyd edib ki, bu qüvvələrin yerləşdirilməsi üçün NATO Nizamnaməsinin kollektiv müdafiə haqqında 5-ci maddəsinin aktivləşdirilməsinə ehtiyac qalmayacaq.
Müttəfiqlərin bu addımı Rusiyadan gələn uzunmüddətli təhlükənin qiymətləndirilməsi ilə əlaqələndirilir. Bununla belə, Heykki Avto Finlandiyanın sülh dövründə öz ərazisində nüvə silahı yerləşdirməmək siyasətinin dəyişməyəcəyini vurğulayıb. Qeyd edək ki, Finlandiya sentyabr ayının əvvəlində Fransanın nüvə çəkindirmə təşəbbüsünə də qoşulmuşdu.
İzmedia.az
![]()

