Aİ Ukraynaya “Ukraine Facility” proqramı çərçivəsində 2.9 milyard avro ayırıb

2 Min Read
Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin Avropa İttifaqından “Ukraine Facility” maliyyə dəstəyi proqramı çərçivəsində 2,9 milyard avro məbləğində növbəti tranşı qəbul etdiyini bəyan edib.
Dövlət başçısı bu vəsaitin makro-maliyyə sabitliyinin qorunması və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından kritik əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Bu, Ukraynanın makro-maliyyə sabitliyini təmin etməyə və müdafiə qabiliyyətimizi gücləndirməyə kömək edəcək çox vaxtında verilən dəstəkdir. Bütün razılaşmaları həyata keçirmək üçün tam koordinasiyada birlikdə çalışırıq”.
Ukraynanın Baş naziri Sergey Koretski ayrılan maliyyə dəstəyini qiymətləndirərkən bildirib ki, bu vəsait Ukraynanın 2026-cı ilin ilk iki rübü və əvvəlki dövrlər üzrə üzərinə düşən 10 əsas reform hədəfini (o cümlədən bank sektoru, energetika, kənd təsərrüfatı və nəqliyyat sahələrində) uğurla icra etməsi sayəsində mümkün olub. Hökumət başçısı üç hədəfin vaxtından əvvəl tamamlandığını diqqətə çatdırıb.
“Hazırkı çətin maliyyə vəziyyətində bu vəsaitlər dövlətin sabitliyi, əsas xərclərin təmin edilməsi və müdafiəyə daha çox öz resurslarını ayırmaq imkanı üçün çox vacibdir”, – deyə Koretski əlavə edib.
Büdcə kəsiri və sərt qənaət rejimi
Ukrayna hökuməti müdafiə qüvvələrinin fasiləsiz maliyyələşdirilməsini təmin etmək üçün sərt büdcə qənaət rejimini tətbiq edir. Çətin dövlət maliyyəsi fonunda ikinci dərəcəli və prioritet olmayan layihələrin maliyyələşdirilməsi dondurulsa da; müdafiə sektoru, pensiya və sosial müavinətlər, eləcə də səhiyyə və təhsil işçilərinin əməkhaqqı ödənişləri prioritet xərc istiqamətləri kimi saxlanılır.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş