“Porsche” şirkəti “Sportwagenschmiede ’35” strategiyasını elan edib: İşçi qüvvəsi 25-30% ixtisar olunacaq

1 Min Read
Almaniyanın lüks avtomobil istehsalçısı “Porsche AG” çərşənbə günü keçirilən İnvestor Günündə şirkətin yenilənmiş “Sportwagenschmiede ’35” inkişaf strategiyasını təqdim edib. Yenilənmiş strategiya çərçivəsində şirkət orta müddətli dövrdə işçi heyətinin ştat sayını ən azı 25% azaldacağını, hədəf göstəricinin isə 30% təşkil etdiyini açıqlayıb.
Yenidənqurma planına əsasən, orta müddətli dövrdə rəhbər və idarəetmə vəzifələrinin sayı 40% ixtisar olunacaq. Şirkət fərdiləşdirmə (“Sonderwunsch”) imkanlarını genişləndirməklə, daha baha seqmentlərə üstünlük verməklə və mənfəət marjasını artırmaqla brendin dəyərini daha da yüksəltməyi hədəfləyir. Bu addımlar sayəsində “Porsche” yüksək səviyyəli avtomobillərinin orta qiymətini 20% artırmağı planlaşdırır. Eyni zamanda, model çeşidindəki variantların sayı 20% azaldılacaq ki, bu da hər model üzrə satışların təxminən 30% artmasına şərait yaradacaq.
“Volkswagen Group”un törəmə şirkəti olan “Porsche”, həmçinin kadr xərclərini optimallaşdırmaqla yanaşı, istehsal prosesini daha çevik hala gətirməyi və rentabellik səviyyəsini yüksəltməyi qarşısına məqsəd qoyub.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş