“Reuters” agentliyinin məlumatına görə, ABŞ hakimiyyəti Sudan Keçid Suveren Şurasının sədri və ordu rəhbəri Əbdül Fəttah əl-Burhanın BMT Baş Assambleyasında çıxışına günlər qalmış ona viza verilməsi prosesini ləngidir. Qərbin bu addımı əl-Burhanın ABŞ-ın Ərəb və Afrika işləri üzrə baş müşaviri Massad Bulos tərəfindən təklif edilən 90 günlük atəşkəs şərtlərini qəbul etməməsi ilə əlaqələndirilir.
Sudanın BMT-dəki daimi nümayəndəsi Əl-Haris İdris BMT-nin Baş katibi Antonio Quterreşə məktub ünvanlayaraq təşkilatın Vaşinqtonun bu qərarına təcili müdaxilə etməsini istəyib. Quterreşin sözçüsü Stefan Dujarrik BMT-nin məsələdən dərin narahatlığını bildirib və ABŞ rəsmiləri ilə danışıqların aparıldığını qeyd edib.
2023-cü ilin aprelindən bəri Sudan ordusu ilə Sürətli Reaksiya Qüvvələri (RSF) arasında davam edən silahlı münaqişə dünyada kütləvi humanitar böhrana səbəb olub. ABŞ, BƏƏ, Misir və Səudiyyə Ərəbistanının daxil olduğu “Dördlük formatı” tərəfləri sülhə sövq etməyə çalışsa də, Sudan hərbi rəhbərliyi xarici təlimatları və orduya qarşı yönəlmiş silah embarqosu təkliflərini qəbul etməyəcəyini bəyan edir.
İzmedia.az
![]()

