Ukrayna PUA-ları Rusiyanın ən böyük neft emalı zavodu olan Omsk müəssisəsinə zərbə endirib

1 Min Read
Omsk vilayətinin qubernatoru Vitali Xotsenko oktyabrın 8-də günortadan sonra regionun Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qaldığını bildirib. Hadisə ilə əlaqədar bütün fövqəladə xidmətlər yüksək hazır vəziyyətə gətirilib, Omsk hava limanının fəaliyyətinə məhdudiyyətlər tətbiq olunub və mobil internetin verilişində kəsintilər yaranıb.
Yerli sakinlərin və sosial şəbəkə monitorinq kanallarının verdiyi məlumata görə, hücum nəticəsində “Qazprom Neft” şirkətinə məxsus Omsk neft emalı zavodunun (NEZ) ərazisində güclü partlayış səsləri eşidilib və bacalardan tüstü yüksəlib. Ukrayna sərhədindən təxminən 2500 kilometr məsafədə yerləşən və illik 22 milyon ton emal gücü ilə Rusiyanın en böyük neft emalı müəssisəsi sayılan zavod Rusiya üzrə benzin və dizel yanacağının mühüm hissəsini təmin edir.
Qeyd olunmalıdır ki, bu, son sutka ərzində Ukrayna dronları tərəfindən vurulan ikinci strateji neft emalı obyektidir. Həmin gün Başqırdıstandakı “Qazprom Neftexim Salavat” müəssisəsinə də dron zərbəsi endirilib və nəticədə zavod ərazisində yanğın baş verib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş