ABŞ-ın Şimali Dakota ştatında qubernatorun malikanəsinin ərazisində təmir-tikinti işləri aparan podratçılar insan qalıqları olan yeddi tabut və sirli taxta qutu aşkar ediblər. “People” jurnalının rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, ilkin təhlillər tabutlarda iki qadın, iki kişi, iki yeniyetmə və bir azyaşlı uşağın qalıqlarının olduğunu üzə çıxarıb.
Aşkar edilən tapıntılardan dərhal sonra ərazidə tikinti işləri dayandırılıb və Şimali Dakota Dövlət Tarix Cəmiyyətinin arxeoloqları tədqiqatlara cəlb olunublar. Arxeoloqlar xüsusi yerüstü radarlarla aparılan araşdırmalar zamanı əlavə dəfn yerlərinin ola biləcəyini göstərən 80-dən çox anomaliya sahəsi müəyyən ediblər. Mütəxəssislərin bildirdiyinə görə, həmin ərazi 1870-ci illərdə fəaliyyət göstərən keçmiş Bismark qəbiristanlığının yerində yerləşir. 1880-ci illərdə məzarların digər qəbiristanlıqlara köçürüldüyü hesab edilsə də, bəzi dəfn yerlərinin toxunulmaz qaldığı bəlli olub.
Aşkar olunmuş qalıqların və tapılan artefaktların laborator ekspertizası davam edir və təhlillərin 2027-ci ilin əvvəlində yekunlaşması gözlənilir. Dövlət qurumları tapılan qalıqların gələn ilin yazında yerli qəbiristanlıqda ehtiramla yenidən dəfn olunması üçün müvafiq xidmət şirkəti ilə müqavilə bağlayıblar. Şimali Dakota qubernatoru Kelli Armstronqun heyəti qalıqların lazımi şəraitə köçürüləcəyini və prosesin tam hörmət çərçivəsində həyata keçiriləcəyini bəyan edib.
İzmedia.az
![]()

